“Hadisələrin arxa fonunda üçüncü qüvvələr də iştirak edirlər” POLİTOLOQUN AÇIQLAMASI

“Hadisələrin arxa fonunda üçüncü qüvvələr də iştirak edirlər” POLİTOLOQUN AÇIQLAMASI

“Ermənistanın son günlər intensiv xarakter alan hərbi və siyasi təxribatları onsuzda kövrək olan sülh və əməkdaşlıq mühitini zədələməyə hesablanıb. Əvvəlcə Ermənistanın müdafiə naziri qanunsuz şəkildə sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasında yerləşən Azərbaycan ərazilərinə səfər etdi, ardınca Şuşa şəhərinin girişində hərbçilərimizə qarşı terror aktı törədildi, daha sonra isə Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına şahidlik etdik.“ Bu sözləri SİA-ya verdiyi açıqlamaasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışır və bu ölkə regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil.

“Məsələnin digər diqqət cəlb edən tərəfi də odur ki, hadisələrin arxa fonunda sanki üçüncü qüvvələr də iştirak edirlər. Hər halda Ermənistan hakimiyyətinin Rusiyanın vasitəçilik missiyasına qarşı bu cür qəsd etməyə hünəri çatmaz. Emrənistan bunu edirsə, deməli, xaricdən aldığı sifarişləri yerinə yetirir. Sanki Qərbdəki bəzi dairələr İrəvanı bu cür provokasiyalara təhrik etməklə Ermənistanda Rusiya və KTMT ilə bağlı ikrah hissi yaratmağa çalışırlar. Dünən Ermənistanın Təhlükəsizlik Şurasının sədrinin ATƏT-in Minsk Qrupuna və Qərbdəki digər təsisatlara çağırış edərək kömək istəməsi də bu mənada təsadüf deyil. Aydın məsələdir ki, 44 günlük müharibədən sonra tamamilə oyundan kənar vəziyyətdə qalan bəzi Qərb dövlətləri hətta yeni bir müharibə bahasına olsa belə, regiona qayıtmaq planlarını gerçəkləşdirməyə çalışırlar”, deyə politoloq Ceyhun Əhmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə