"17 noyabr millətin dirçəlişi, mübarizəsi və özünü dərk etməsidir” - ŞƏRH EDİLDİ
“17 noyabr Azərbaycan xalqının tarixində ən böyük siyasi hadisələrdən biridir. 1988-ci ildə Azərbaycan xalqı ilk dəfə olaraq Azadlıq meydanında öz birliyini təkcə Sovetlər Birliyinə yox, bütün dünyaya nümayiş etdirdi. Fasiləsiz olaraq 18 gün Azərbaycanın milli demokratik ziyalıları, ümumilikdə Azərbaycan xalqı Sovet dövlətinə olan etirazını bildirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, həmin dövrdə ermənilər artıq Azərbaycan torpaqlarına qəsd etməyə çalışırdı: “Moskva nəinki bu hadisələrə göz yumur, əslində bu proseslərin gücləndirilməsinə rəvac verirdi, erməniləri müdafiə edirdi. Azərbaycanın haqqı tapdalanırdı. Buna görə də Azərbaycan xalqı Azərbaycan hakimiyyətindən fərqli olaraq Azadlıq meydanından tribuna kimi istifadə etdilər. Bir milyondan artıq azərbaycanlı bu mitinqlərdə iştirak edirdi. Əslində 1988-ci ildə başlanan bu hərəkat Sovet dövlətini də Azərbaycan xalqının gücü görməyə məcbur etdi. Çünki Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi elə bilirdi ki, Azərbaycanın o vaxt ki, Dağlıq Qarabağ hissəsini çox rahatlıqla ayırıb Ermənistana verə biləcək və Azərbaycan xalqı bunu sakitliklə qarşılayacaq. Doğrudur, Azərbaycanın siyasi hakimiyyəti öz zəifliyini, gücsüzlüyünü Moskvadan asılı olduğunu göstərdi. Amma Azərbaycan xalqı göstərdi ki, onlar mərkəzin itaətini, göstərişlərini qəbul etmək istəmir, hətta mərkəzə qarşı belə mübarizə aparmağa hazırdır. Ona görə də məlum olduğu kimi dekabrın əvvəllərində bu hərəkat silah gücü ilə yatırıldı və Azərbaycanda həm fövqəladə, həm də komendant saatı elan olundu”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu hadisələr Dağlıq Qarabağda ermənilərin Azərbaycan torpağına, azərbaycanlılara qarşı amansız, qəddar siyasəti ilə başlamışdır: “Son nəticədə mərkəz dərk etdi ki, Azərbaycan torpağını çox rahatlıqla Azərbaycandan ayırıb Ermənistana vermək mümkün deyil. Ona görə də sonrakı illərdə yəni 1990-cı ilin 20 yanvarı bir daha göstərdi ki, bu Azərbaycan dövləti deyil. Yəni SRR deyilən dövlət Azərbaycan dövləti deyil, Sovet ordusu Azərbaycan ordusu deyil. Sovet ordusu imperiyanın maraqlarını müdafiə edir və günahı olmayan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədirdilər. Bundan sonra 1992-ci ilin fevral ayında Xocalıda baş verən hadisə bir daha göstərdi ki, nə Sovet ordusu, nə də erməni qəsbkarları Azərbaycan xalqının haqqını heç bir zaman onlara qaytarmaq istəmirlər. Təbii ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin 17 noyabr Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi daxil edildi. Bütün bunlar onu göstərir ki, xalq bir yumruq kimi birləşə bilir. Amma xalqın bir yumruq kimi birləşməsi üçün xalqın güclü liderə ehtiyacı var. 44 günlük Vətən müharibəsi də onu göstərir ki, Ali Baş Komandanın rəhəbrliyi altında Azərbaycanın əsgər və zabitləri Azərbaycan torpaqlarını düşməndən azad etmək üçün əlindən gələni etdilər. Çünki xalq dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşə bildi, onun qərarlarını məmnuniyyətlə qəbul etdi və Vətən üçün, torpaq üçün şəhid olmağı bacardı. Bu mənada da Azərbaycanın tarixində 1988-ci il 17 noyabr tarixi xüsusi bir hadisədir. Bu gün millətin dirçəlişi, mübarizəsi və özünü dərk etməsidir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB