Tarixi qərarlar türk dövlətlərini daha sıx birləşdirəcək TƏHLİL
Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 12 il ötür. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib və yeni inkişaf mərhələsinə yüksəlib. Ölkələr arasında əməkdaşlıq daha da genişlənib. Son iki il ərizində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa öz töhfəsini verib. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Şuraya sədrliyi öz üzərinə götürən zaman Azərbaycan Prezident İlham Əliyev bildirmişdi ki, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin: "Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək".
Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etdirmiş oldu. Azərbaycan sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik: "Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə Görüşü keçirilmişdir və bizim təşkilatımız həm üzv ölkələr bir-birinə kömək göstərirlər, başqa ölkələrə kömək göstəririk".
2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etmiş və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi", deyən Cənab Prezident bildirib ki, bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Eləcə də digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana siyasi dəstək göstərdilər. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradır. Naxçıvan sazişinin imzalanmasından keçən 12 il ərzində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.
"TÜRKİYƏNİN İNKİŞAFI, TÜRKİYƏDƏ SABİTLİYİN TƏMİN OLUNMASI BÜTÜN TÜRK DÜNYASI ÜÇÜN ÖNƏMLİ ŞƏRTDİR"
Məlumdur ki, cari ilin martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcəyini bildirmişdir. Bu, belə də oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti çıxışında "Bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür" deyə bildirib: "Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur". Bu gün dünya miqyasında Türkiyənin siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. "Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir", - deyən Cənab Prezident bildirib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: "Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq".
"BİZİM TƏŞKİLATIMIZ QARŞIDA DURAN BÜTÜN VƏZİFƏLƏRİ İCRA EDƏCƏKDİR"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü bir sıra əlamətdar hadisələr, qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün tarixi əhəmiyyətinə toxunaraq bildirib ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var: "Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk".
Dövlət başçısı xalqlarımız arasındakı birlik və qardaşlığın gündən-günə möhkəmləndiyini qeyd edib: "Biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB