"Ermənistan təxribatlar törətməklə konkret məqsədlər və hədəflər güdür" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
“Ermənistan silahlı qüvvələrinin son günlər həm Qarabağ ərazisində, həm də Azərbaycan ilə sərhəddə törətdikləri təxribatlar, cinayətlər təsadüfi deyil. Bunlar Ermənistan hakimiyyətinin düşünülmüş, konkret hədəflərə hesablanmış addımlardır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, hər şeydən əvvəl bəllidir ki, Ermənistanın həm Qarabağ ilə təmas xəttində, həm Ermənistan sərhədində, həm də Kəlbəcərdə, Laçında, Şuşa yaxınlığında törətdikləri hərəkətlər, hadisələr regionda sülhə, təhlükəsizliyə birbaşa təhdiddir: “Bu beynəlxalq hüququn və humanitar prinsiplərin aşkar şəkildə pozulması hadisələridir. Ermənistan bu kimi təxribatlar törətməklə hazırki şəraitdə dediyim kimi konkret məqsədlər və hədəflər güdür. Bu təxribatların, cinayətlərin ümumtürk inteqrasiyası proseslərinin dərinləşdiyi bir hadisələrlə eyni vaxtda düşməsi heç də təsadüfi deyil. Bəllidir ki, Azərbaycanın fəal iştirakı ilə türk dövlətləri arasında inteqrasiya prosesləri getdikcə dərinləşir və güclənir. Artıq bu proses qarşısı alınmaz və ümumtürk dövlətləri birliyini mütərəqqi bir proses kimi yüksəltməyə doğru aparır. Hətta bu gün artıq heç bir şübhə yoxdur ki, türk dövlətləri arasında inteqrasiya prosesi bu dövlətlərin yaxın gələcəyin ən güclü dövlətlər birliyi halına gətirə bilər. Həmçinin də mütərəqqi mənada bu prosesin dərinləşməsi həm türk dövlətlərinin özünə, həm də bu dövlətlərlə yaxşı münasibətdə olan ölkələrə çox böyük gələcək vəd edir. Belə bir şəraitdə türk dövlətləri inteqrasiyasını pozmaq, ona maneəçilik törətmək, Orta Mərkəzi Asiyanın, Azərbaycanın və Türkiyənin iştirakı ilə türk dövlətləri arasında inteqrasiya prosesinin daha da dərinləşməsinin qarşısını almaq üçün Ermənistan hökuməti və onların arxasında dayananlar bölgəmizdə yeni-yeni gərginlik ocaqlarının yaradılmasında maraqlıdırlar. Buna görə də müətmadi şəkildə Azərbaycan ilə sərhədlərdə və Qarabağ ərazisində yeni-yeni cinayətlər və təxribatlar törətməklə bölgədə davamlı sabitliyin yaranmasına imkan vermək istəmirlər. Bu nöqteyi-nəzərdən bizim sərhədlərimizdə, ərazilərimizdə ermənilərin törətdiyi son təxribatlar onların türk inteqrasiyasına qarşı hesabladığı bir addım kimi nəzərdən keçirtmək lazımdır".
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq dünya yaxşı başa düşür ki, Qafqazda sabitlik olmasa, həm Mərkəzi Asiyanın, həm Azərbaycanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin tam şəkildə təmin olunmasına zəmanət vermək çətin olacaq: "Ona görə də Ermənistana aşkar şəkildə təzyiq göstərməyə başlayıblar ki, Azərbaycanın sülh müqaviləsinin formatının alternativi yoxdur. Çünki bu bölgədə davamlı, dayanıqlı və hərtərəfli sülhün təmin olunmasının sülh sazişi imzalamaqdan başqa bir şərtini düşünmək qeyri-mümkündür. Ermənistan da görür ki, ona qarşı müəyyən təzyiqlər var. Artıq belə bir şəraitdə imzalanması gözlənilən yekun sülh sazişinin qarşısını almaq və bu prosesi təxirə salmaq üçün bölgələrdə, xüsusilə də Qarabağda və Azərbaycanın sərhəd bölgələrində daima yeni-yeni gərgin vəziyyət yaratmağa çalışırlar. Digər tərəfdən müəyyən qüvvələr qondarma DQR deyilən qurumun statusu ilə bağlı müzakirəni Minsk qrupu formatı çərçivəsində yenidən aktuallaşdırmağa çalışırlar. Belə şəraitdə Ermənistan sərhəddə və təmas xətlərində gərginlik hadisələrinin sayını artırmaqla bu bölgədə hələ də gərginliyin qaldığını göstərməyə cəhd edirlər. Qeyd etdiyim kimi Ermənistanın gərginlik yaratmaq hərəkətlərinin arxasında məhz konkret hədəflər dayanır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB