“Paris görüşü ermənilərin arzuladıqları kimi başa çatmadı” ÖZƏL-MÜNASİBƏT

“Paris görüşü ermənilərin arzuladıqları kimi başa çatmadı” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat, N.Mirzoyanın terror aktı nəticəsində bir neçə hərbçimizin yaralanması ermənilərin nə qədər ağır durumda olmasının, çarəsizlikdən hər yola əl atmalarının göstəricisidir. Çünki Azərbaycan səbrlə, ardıcıl addımlar atmaqla öz mövqelərini möhkəmləndirir. Gorus-Qafan yolunun bir hissəsinin nəzarətimizə götürülməsindən sonra ciddi problemlərlə üzləşən erməniləri Qafan-Çakaten yolunda gömrük postunun qoyulması xəbəri daha da ümidsizləşdirmiş, proseslərin bundan sonra da onların maraqlarının ziddinə gedəcəyi qənaətini möhkəmləndirmişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Ermənilərin böyük ümidlə gözlədiyi Minsk Qrupu həmsədrlərinin Paris görüşü də arzuladıqları kimi başa çatmadı və bu barədə danışan S.Lavrov qrupun yaxın dövrdə humanitar məsələlərin həlli, xalqlar arasında etimadın möhkəmlənməsi üçün şəraitin yaradılması ilə məşğul olacaqlarını söylədi: “Bu Minsk Qrupunu əvvəlki dövrdəki kimi “kreativ” olmağa çağıran Azərbaycan Prezidenti İlham Əliyevin bir qədər əvvəl söylədiklərinin sözbəsöz təkrar olunması idi. Təbii ki, Qarabağın “statusu” barədə növbəti bəyanat gözləyən ermənilər üçün bu ağır zərbə oldu. Onlar əmindirlər ki, növbəti zərbəni bu günlərdə keçiriləcək üçtərəfli danışıqlarda alacaqlar və həmin görüşdə erməniləri qətiyyən qane etməyən qərarlar qəbul olunacaq. Bütün bu baş verənlər son illər diplomatik üstünlüyü əlində saxlamağa uğursuz cəhdlər edən erməniləri ağılsız addımlar atmağa, vəziyyətlərini daha da pisləşdirən hərəkətlər etməyə zorlayır. Hər dəfə bundan istifadə edən hərbçilərimiz əlavə mövqelər ələ keçirir, düşmənin vəziyyətinin bir az da ağırlaşmasına nail olurlar. Bu dəfə də belə olacaq. Sərhəddə baş verən gərginlik, Şuşada törədilən terror aktı ermənilərə əlavə problemlər yaradacaq və Azərbaycanın mövqelərini həm ərazidə, həm də danışıqlar prosesində daha da gücləndirəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə