Azərbaycan xalqı 30 illik işğala son qoydu - MƏQALƏ

Azərbaycan xalqı 30 illik işğala son qoydu - MƏQALƏ

1991-1994-cü illər I Qarabağ müharibəsi Azərbaycanın daxili və xarici münasibətlərinin qeyri- sabitliyi ilə əlaqədar olaraq, ərazimizin 20%-nin erməni separatçıları tərəfindən işğalına şərait yaratmış oldu. Təqribən 30 ilə qədər erməni vandalizminin vəhşi caynağında darmadağın edilən dilbər guşəmiz - cənnət Qarabağ öz azadlığına, istiqlalına XXI əsrin 20-ci illərində qovuşdu. Tarixi gedişatın həm Respublika daxilində, həm də xarici siyasətdə uğurlu şəkildə dəyişilməsi itirilmiş torpaqlarımızın geri qaytarılmasının mühüm göstəricisi olmuşdur. Beynəlxalq aləmdə Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqda səsləndiriləın fikirlər öz təsdiqini tapdı. BMT- nin işğal olunmuş ərazilərimiz haqda verdiyi qətnamələr, ATƏT – in Minsk qrupunun dondurulmuş fəaliyəti Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermədi. Dəfələrlə Ermənistan dövlət başçıları və Azərbaycan Respublikası Prezdenti arasında təşkil olunmuş görüşlərə baxmayaraq, qarşı tərəfin təcavüzkar siyasəti məsələnin sülh yolu ilə həllinə imkan vermədi. Nəhayət, ATƏT-in həmsədrlərinin passiv hərəkətləri bu məsələnin həlli üçün yeganə bir variant – hərbi yolu ilə həllini ortaya qoydu.

2016 - cı il aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyinin azad edilməsi Ermənistan tərəfindən “Məğlubedilməz Erməni ordusu” mifini şübhə altına almışdı. Buna baxmayaraq, işğalçı siyasətindən əl çəkməyərək dəfələrlə təmas xəttində atəşkəsi kobudcasına pozur, həyasızcasına israrla Azərbaycan tərəfinin üzərinə atmağa çalışırdı. 2020-ci il iyul hadisələri münasibətlərin yenidən pozulmasına, Ermənistan təxribatının qarşısının alınmasına əsas verdi. Erməni separatçılarının ardıcıl olaraq avqust ayında törətdikləri təxribatlar hərbi əməliyyatların olmasını qaçılmaz edirdi.

2020-ci il sentyabrın 27-də başlanmış növbəti təxribatın ardınca Ermənistanın hərbi səfərbərlik elan etməsi müharibənin başlanmasına səbəb oldu. 28 Sentyabr 2020-ci il Azərbaycan Prezdenti torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması haqda qismən səfərbərlik elan etdi. Cəbhədə gedən gərgin döyüşlər Azərbaycan hərbi birləşmələrinin uğurlu irəliləyişləri ilə başladı. Bir-birinin ardınca azad olunan bölgələrimizə yeni ruh, yeni canlanma gəldi. 2020-ci il oktyabrın 4 - də Cəbrayıl, oktyabrın 9 - da Hadrut, oktyabrın 17- də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri separatçı qalıqlarından təmizləndi. 10 Noyabr 2020-ci ildə bağlanan üç tərəfli sazişə əsasən noyabrın 20- də Ağdam, noyabrın 25- də Kəlbəcər, dekabrın 1- də Laçın rayonu heç bir döyüş əməliyyatları getmədən işğaldan azad olundu. Xocalı, Xankəndi, Xocavənd 10 Noyabr 2020-ci ildə Azərbaycanın tərkib hissəsi olaraq erməni hərbiçilərindən təmizləndi. Şanlı zəfər tarixi qan yaddaşımızı tarixin qara səhifəsi olaraq, yaddaşlara əbədi olaraq həkk etdirib, yeni bir səhifə açdı. Elə bir səhifə ki, tariximizə əbədi şəfəqləri ilə nur saçdı, qara kölgələri üzərimizdən götürüb, işıqlı bir gələcək üçün istiqamət verdi.

Bu yolda canlarından keçən Şəhidlərimiz, sağlamlıqlarını itirən qazilərimiz, Vətən torpağını ailəsindən üstün tutan Qarabağ iştirakçılarının, o cümlədən Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticələri böyük rol oynadı. Türkiyə Cumhiriyyətinin verdiyi dəstək 44 günlük Zəfər tarixinin formalaşmasında diqqət çəkir. Daim zirvələrdə olmaq üçün türk dövlətlərinin bir arada fəaliyyəti qarşıya qoyulan məqsədlərə çatmaqda əsas istiqamətə çevrilməlidir. Bu beynəlxalq sferada türk xalqlarının öz iddialarını həyata keçirməyə, daim ərazi bütövlüklərinin təminatına təkan verəcəkdir.

Qarabağ torpaqları 30 ildə dağılmış infrasturukturunu azad olunmaqla yenidən dirçəltməyə başlayır, çünki onun əzəli və əbədi sakinləri öz vətənlərini qayıtmışlar. Üçrəngli bayrağı mavi səmalarınlarında qürurla dalğalanır, dünyaya Qarabağın Azərbaycan olmasını bəyan edir.

Gülnar Qədirova

Xəzər rayonu, 124 nömrəli məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə