"Bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir" - PREZİDENT TƏHLİL
"İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışında bildirib. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi fikirləri xatırladıb: "Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək". Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Tarixin sınaqlarından daim uğurla çıxan Azərbaycan-Türkiyə birliyi son zamanlar cərəyan edən hadisələr fonunda bir daha sarsılmaz olduğunu nümayiş etdirdi. Vətən müharibəsində bütün dünya dövlətləri sarsılmaz birliyin bariz nümunəsini gördü və 44 günlük müharibədə Türkiyə mənəvi və diplomatik dəstəyini göstərərək dünyaya Türkiyə Azərbaycanın yanındadır, mesajını verdi. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb.
"TARİXİ ƏDALƏTİ BƏRPA ETDİK, BEYNƏLXALQ HÜQUQU BƏRPA ETDİK, MİLLİ LƏYAQƏTİMİZİ BƏRPA ETDİK"
Azərbaycan bu günlərdə Zəfər Gününü Qələbəmizin birinci ildönümünü qeyd etdi. "Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır", - deyə Cənab Prezident bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ölkəmizin iqtisadi gücü, ordumuzun gücü, xalq-iqtidar birliyi, xalqın qələbə əzmi bu qələbə tarixinin yazılmasında müstəsna rol oynadı. "Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir", - deyən Cənab Prezident bildirib ki, müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu: "Müharibənin ilk günlərindən Mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə, biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik".
44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətdi. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək, dinc sakinləri qətlə yetirdi.
"XARIBÜLBÜL" TÜRK DÜNYASI ÜÇÜN ZƏFƏRİN MÜJDƏÇİSİ OLDU
Vətən müharibəsində qazandığımız Zəfər əlbəttə ki, bütün dünyanın marağında oldu. Azərbaycanın hərbi taktikası, iyirmi birinci yüzilliyin müharibəsini aparması dünya ölkələri tərəfindən öyrənilir. Cənab Prezident bildirib ki, 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.
Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində abadlıq-quruculuq işlərinə başlanılıb. Türkiyə bütün müharibə dövründə Azərbaycanın yanında olduğu kimi, tikinti-quruculuq, abadlıq-bərpa işlərinin sürətlə aparıldığı bir zamanda da Azərbaycanın yanındadır. "Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı azad edilmiş torpaqlara iki dəfə səfər edib", - deyən Cənab İlham Əliyev iyun ayında Şuşaya və bu yaxınlarda - oktyabr ayında Füzuli və Zəngilana səfər edərkən bu ərazilərin dağıdıldığını əyani şəkildə gördüyünü bildirib: "Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər".
Türkiyə və Azərbaycan prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakı, Zəngilanın Ağalı kəndində keçirilən rəsmi mərasim iki qardaş ölkənin dostluğunun təzahürüdür. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə yanaşı, 12 türk şirkəti də iştirak edib. Cənab Prezident hazırda Türkiyə şirkətlərinin Zəngilan Hava Limanının inşasında iştirak etdiklərini və bizim digər layihələrimizdə iştirak edəcəklərini də diqqətə çəkib.
Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Türkiyə Prezidentin qeyd etdiyi kimi, Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
"MƏNİM SEVİNCİMİ İKİQAT EDƏN ODUR Kİ, BU ALİ ORDENİ MƏNƏ TÜRK ŞURASINA ÜZV ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARI TƏQDİM EDİRLƏR"
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməsi də dövlət başçımızın rəhbərliyi ilə otuz ilə yaxın davam edən işğala 44 gündə, qısa müddətdə son qoyulmasıdır. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir". Zəfərin əldə olunması bütün türk dünyası üçün böyük əhəmiyyətə malikdir. "Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir", - deyən Azərbaycan Prezidenti bildirib ki, Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər: "Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB