Baydenin “Demokratiya” Zirvəsi ya illustrativ seçim menyusu? - EKSPERT RƏYİ
“Bayden rəhbərliyinin demokratiya sammiti haqqında təfərrüatlar uzun müddət dövrə vurduqdan sonra məlum oldu. Avtoritarizmə qarşı müdafiə, korrupsiya ilə mübarizə və insan hüquqlarının təşviq edilməsi kimi məsələlərin ümdə tutulması məqsəd olsa da dəvət olunan ölkələrin siyahısı məlum edir ki, bu məqsədlər öz maraqlarını təmin etməkdən başqa bir şeyə istiqamətlənməyib. Belə ki, məqsədlər daha çox təqibin, müdaxilə mexanizminin gücləndirilməsindən ibarətdir. Hansı ölkələrin hansı kriteriyalar üzrə dəvət olunduğu mexanizmi də kölgəlidir, bulanıqdır. Sammit demokratiyanın geniş yayılması kimi banal ifadələr istehsal etsə də daha çox istiqamətləndirmək, güc tətbiq etmək, yönləndirmək üçün “yaxşı işlər” görəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, demokratiyaya dəstəyi ABŞ prezidenti Co Bayden xarici siyasət strategiyasının konseptual mərkəzi kimi müəyyənləşdirdiyini ifadə etsə də bu vədindən tamamilə uzaqdır: “Bunun üçün sentyabr ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra verdiyi bəyanata nəzər salmaqda fayda var ki, nə qədər ikibaşlı siyasət yürütdüyünü əyani anlamaq mümkün olsun: “Ukraynanın uğuru demokratiya və avtokratiya arasında qlobal mübarizənin mərkəzidir”. Bu cümlə vasitəsilə sətiraltı çox şey deyilir və çox şey başa düşülür: Üzdəki mesaj ABŞ-ın maraqlarının demokratik dəyərlər baxımından müəyyən edilə biləcəyi və bu dəyərlərlə avtokratiya arasındakı mübarizənin qlobal əhəmiyyət kəsb etdiyi olsa da, əslində isə sikkənin digər üzü ABŞ-ın müəyyən bir ölkədəki maraqlarının bu geniş və manipulyativ kontekstdən və məfhumdan istifadə edilərək mühakimə oluna biləcəyindən, ya da təmin edilə biləcəyindən ibarətdir. Yəni, demokratiya məfhumu ABŞ üçün manipulyativ termindir ki, istədiyi zaman onun maraqları kontekstində izah olunan bir hadisə, siyasi alət vasitəsi qismində çıxış etsin. Prezident Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçill 1941-ci ildə Atlantika Xartiyasını imzaladıqdan sonra ABŞ-ın xarici siyasət düşüncəsi qaydalara əsaslanan beynəlxalq nizamın təməli kimi demokratiyaya dəstək kommunizmdən faşizmə, terrorizmə, zorakı ekstremizmə və etno-millətçiliyə qarşı çağırışlara cavab olaraq keçib. Buna baxmayaraq Birləşmiş Ştatlar qlobal miqyasda demokratiyanı dəstəkləməkdə qeyri-ardıcıl və bəzən hətta ikiüzlü olsa da, bu çağırışlara əks getsə də Bayden isə xarici siyasət gündəmində demokratiyanı bu qədər ön plana çıxaran ilk ABŞ liderindən olduqca uzaqdır. Bir müddət ABŞ-da demokratiya və onun üzərində qurulan universal hüquqların yüksələn xətt üzrə inkişafı meyli görünsə də Bayden tamamilə manipulyasiya edə biləcəyi, parçalanmış dünya istəyir. Buna görə Baydenin demokratiyaya vurğu etməsi sadəcə ritual təlqin deyil, həm beynəlxalq, həm də ABŞ-ın mübahisəli siyasət yeritdiyindən xəbər verir. Bayden komandası yəqin ki, artıq “yaxşı ideyaları” praktiki siyasətə çevirməyin çətin olduğunu da kəşf etməmiş deyil. Belə ki, ABŞ-ın Əfqanıstan və İraqdakı uğursuzluqları bizə xatırlatmalıdır ki, məcburi rejim dəyişikliyi və yuxarıdan aşağı dövlət quruculuğu demokratiyanın təşviqi gündəminə daxil deyil”.
Ekspert qeyd edib ki, demokratiya bəzəmək üçün dekorativ vasitə yox, insanların problemlərini həll etmək üçündür: “Türkiyə və Macarıstan kimi bəzi ölkələr demokratiya sammitinə guya illərdir demokratik sistemləri sarsıtdığı üçün dəvət edilmirlərsə zirvəyə ev sahibliyi edən ölkə kimi Birləşmiş Ştatlar bütün “müəssisənin” etibarlılığını təmin etmək üçün öz çatışmazlıqlarını da ciddi şəkildə həll etməlidir. Bayden administrasiyası özünü demokratik standartların hakimi kimi təyin etmək əvəzinə, demokratiyasındakı qüsurlarının həllində maraqlı olmalıdır. Məsələn, səslərin hesablanması və sertifikatlaşdırma prosesini partizan manipulyasiyadan azad saxlamaq kritik və aktual problemdir - irq əsasında seçicilərin sıxışdırılmasının uzun müddət davam edən mirasına toxunmaq kimi. Daxildə azad və ədalətli seçkiləri təmin edə bilməyən onların əhəmiyyətini daim xaricdə səsləndirən ölkə üçün bu heç də uğurlu imic deyil. Baydenin öz ölkəsində artan demokratik problemlərin fonunda ABŞ demokratiyasını "canlandırmaq" cəhdi ilə çağırılan demokratiya sammiti böyük ironiyadır, çünki onun məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir, bu bir növ “parçala, hökmranlıq et” siyasətindən xəbər verir. Demokratiya Baydenin patenti deyil və onu Bayden müəyyən edə bilməz. Bayden demokratiyası geniş yanaşma tələb edən, demokratik dəyərləri yayan əsil demokratiya deyil, mürəkkəb manipulyativ şəbəkəni əks etdirən demokratiyadır. Belə olmasa idi demokratiyanı laxladıb ya da tamamilə söküb atıb bəzi ölkələrin dinc siyasi, ictimai nizamına son qoysa da, yenə də və hələ də öz demokratik modellərini başqa ölkələrə sırımağa çalışmazdı. Dünya aydın gördü ki, ABŞ-ın son illərdəki, Suriyanı, Yəməni, İraqı, Liviyanı Yaxın Şərqin başqa müsəlman ölkələrini demokratiyaya “qərq etmək” niyyəti qanla, fəlakətlə nəticələndi”.
Ş.Həsənova vurğulayıb ki, demokratiya sammiti demokratiyaların beynəlxalq məsələlərə yanaşma tərzində iqtisadi və təhlükəsizlik maraqları ilə yanaşı, insan ləyaqəti və azadlığı ilə bağlı dərindən qorunan dəyərlərin də yer aldığına, həm də qlobal ictimai rifahla bağlı məsələlərə dair də güclü bir mesaj göndərə bilərdi: “ O zaman sual olunur: Sammitin keçirilməsi, demokratik dəyərələrin təşviqidir, ya oturuşmuş rəqiblərə, xüsusən də Çin və Rusiyaya, ya da digər dövlətlərə siqnal göndərmək üçün vacibdir? Demokratiya sammitinin siyahısı Bayden administrasiyasının illustrativ seçim menyusudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın “demokratiya sammitinə” dəvət alması fonunda, Macarıstanın, sizin demokratiya kriteriyanızdan kənara çıxaraq itaətkar, sorğu-sualsız boyun əymədən siyasət yürüdən Azərbaycanın və Türkiyənin dəvət almaması sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi haqqında aydın təsəvvür yaradır. Ya da vaxtilə qan tuluğuna saldığınız İraq dəvət olunan bir neçə ölkə arasında öndədir, terrorizmə, separatçılığa, nizamsızlığa dövlət səviyyəsində mübarizə aparan NATO tərəfdaşı Türkiyə kimi müttəfiq siyahıda yoxdur? Bu nə ikiüzlülük, “demokrat” Bayden?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB