Türk dünyasının birlik arzusunu reallaşdıran Qalib Lider TƏHLİL
Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması bu reallığın göstəricisidir
Azərbaycan-Türkiyə qardaşlığı, birliyi dünyada analoqu olmayan və bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkliyə çevrilən reallıqdır. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Prezident İlham Əliyev noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı zamanı bildirib ki, İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfər göstərdiyimiz əzmkarlıq, iradə, rəşadətlə yanaşı bizə güc verən qardaşlıq birliyi oldu: “İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək”.
Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib. Dahi rəhbər Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən eyni mədəni və dini köklərə malik türkdilli dövlətlər arasında münasibətlərin ən yüksək səviyyədə qurulmasını, ümumtürk həmrəyliyinin təmin olunmasını prioritet sayıb, daima diqqət mərkəzində saxlayıb. Bu gün bu həmrəyliyin əsasını qoyan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən diplomatik siyasət, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Həmçinin, sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin türkdilli dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır: “Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd edirdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə, biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir”.
Bəli, bu Ali baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasətinin göstəricisidir. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir.
Həmçinin, son illərdə Azərbaycanın haqq davası olan Qarabağ məsələsində, həm də əsrlər boyu digər məsələlərdə xarici dairələrin milli kimliyimizə, əqidəmizə, dini inancımıza sərgilədiyi haqsız və sərt mövqe Azərbaycan və Türkiyənin, məhz Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə sinxron şəkildə atdığı addımların daha da sürətləndirilməsini şərtləndirdi.
“Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir”
2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Azərbaycanın təşkilata sədrliyi üzərinə götürməsindən sonra mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, energetika, səhiyyə, miqrasiya, media, kənd təsərrüfatı, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmlərinin qurulması, Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində atdığı addımlar, 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir, burada irəli sürdüyü təşəbbüslər individual olaraq dövlətlər və bütövlükdə təşkilatın özü tərəfindən müsbət qarşılanır və təqdir olunur. Türk Şurasına sədrliyimiz Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu.
Prezidenti İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın bu iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərdiyini deyib: “Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq”.
“Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin Türk Şurasına sədrliyi dövründə təşkilatın sıraları genişlənib, dünyadakı nüfuzu artıb. Çünki Prezident İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda Türk xalqlarının birliyinin vahid məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə daim çalışan liderdir. Bu gün Türkiyə və digər türkdilli dövlətlər yaxşı başa düşürlər ki, onların Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi yalnız Azərbaycandır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi qərarını Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.
Prezident İlham Əliyev: “Türk Dünyasının Ali Ordeni bütün Azərbaycan xalqına verilmiş mükafatdır”
“Türk Dünyasının Ali Ordeni Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı söyləyib.
Ali Ordenə layiq görüldüyünə görə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir”. Azərbaycan Prezidentinin bu sözləri bir daha onun üçün dövlət və xalq birliyinin mühüm əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu dilə gətirib, Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolu olduğunu bildirib. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi vurğulayıb.
Türk Şurasına sədrliyin Türkiyəyə təhvil verilməsi ilə bağlı hissəsində bir daha Türkiyə Respublikasının bütün türk dünyası üçün aparıcı rolu və qüdrətindən danışarkən Prezident İlham Əliyev bildirib: “Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir... Türkiyənin gücünü indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir”.
Mehmet Seyfettin Erol: “Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi Zəfərə verilən yüksək qiymətdir”
“Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis ediləndən bəri təşkilatda fəal təşəbbüskar tərəf olub. Təşkilatın təsisçi üzvlərindən olması sayəsində Azərbaycan qurumun təməl prinsiplərinə və həyata keçirilən proseslərə hakimdir. Azərbaycan ötən iki ildə Türk Şurasına sədrlik edib, bu dövrdə həm COVID-19 pandemiyasına qarşı sistemli mübarizə aparıb, həm də İkinci Qarabağ savaşında böyük Zəfər qazanmaqla hər üç məsələdə fədakarlıq göstərərək istədiklərinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bütün bu işlərə, qazanılan tarixi Zəfərə verilən yüksək qiymətdir”. Bu fikirləri Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol bildirib.
Türk Şurasına sədrliyi dövründə Azərbaycanın böyük uğurlar qazandığını, bu sırada Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafında xüsusi yer tutduğunu diqqətə çatdıran professor Mehmet Seyfettin Erol deyib: “Azərbaycan və Türkmənistan Xəzər dənizində “Dostluq” yatağı ilə bağlı tarixi razılığı əldə etdilər. Bu razılaşma Türkmənistan kimi mühüm və dəyərli tərəfin Türk Şurasına sıralarına cəlb olunması ilə nəticələndi. Azərbaycanın bu mövqeyi Türk Şurasının dostluq və sabitlik qurumu olduğunu və sülh bölgəsi yaratmağa çalışdığını dünyaya nümayiş etdirdi”.
Mehmet Seyfettin Erol onu da bildirib ki, Qarabağ Zəfəri həm Azərbaycan, həm də türk dünyası üçün dönüş nöqtəsidir: «Çünki 30 il davam edən ədalətsiz və hüquqsuz bir işğal sona çatıb. Bu çərçivədə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək beynəlxalq siyasətdəki imicini yüksəldib. Mübahisəsiz olaraq türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın qazandığı bu hərbi Zəfər bütün türk dünyasının Zəfərdir. Sonrakı mərhələdə siyasət meydanında və diplomatik danışıqlarda əldə olunan uğurlar bu Zəfəri daha da yüksəltdi. Bundan başqa, rəsmi Bakı İkinci Qarabağ savaşının nəticəsi olaraq imzalanan üçtərəfli Bəyanatla Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını Ermənistana qəbul etdirib. Zəngəzur dəhlizi isə sadəcə Azərbaycanın iki hissəsini bir-birinə bağlamayacaq, eyni zamanda, Türkiyə-Qafqaz-Orta Asiya coğrafiyasında birbaşa dəhliz olacaqdır. Beləliklə də, türk dünyası ölkələri bir-biriləri ilə birbaşa nəqliyyat əlaqələri quracaqlar. Bununla da Orta Asiya və digər Asiya ölkələri Avropa ilə Zəngəzur dəhlizi vasitəsilə birbaşa əlaqə qurmaqla türk dünyasının geosiyasi, geostrateji, və geoiqtisadi güclərini və əməkdaşlıq imkanlarını artıracaqlar. Azərbaycan vasitəsilə inteqrasiyaya cəlb olunan Türkmənistan həyata keçirilən dostluq və əməkdaşlıq siyasəti sayəsində Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv olub. Bu da öz növbəsində Azərbaycanın Qarabağ savaşındakı haqlı Zəfərinin türk dünyasına bəxş etdiyi ən böyük uğurlardandır”.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması mühüm tarixi hadisə olmaqlı, həmdə dir. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Prezident Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının fəaliyyətinə verilən bu yüksək qiymətlə bağlı bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa bir müddətdə son qoyulub: “Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi hadisə olmaqla, həm də dövlətimizin başçısının türk dünyası qarşısındakı xidmətlərinə verilən ədalətli qiymətdir. Bu mükafat Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.
Dövlət başçımızın dediyi kimi: “Türk Dünyasının Ali Ordeni Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.
RƏFİQƏI KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə