“Əli Kərimli və Cəmil Həsənli xaricdən aldıqları sifarişləri yerinə yetirirlər” AÇIQLAMA
“Son vaxtlar müxalifət öz təxribatlarını, şər və böhtanlarını daha geniş formada davam etdirir, dezinformasiyalar yayır. Bu da bir daha təsdiq edir ki, xaricdəki və daxildəki məkrli qüvvələr eyni mərkəzdən idarə olunurlar”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan inkişafı ilə dünya dövlətləri arasında öz sözünü deyən və hörmətini qazanan bir dövlətdir: “Hazırda aparılan genişmiqyaslı islahatlar və dəyişikliklər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönəlib. Azərbaycan çox uğurlu inkişaf yolundadır. Ölkəmizin inkişafına kölgə salmaq istəyən bəzi qüvvələr əllərindən gələni edir. Yəni Azərbaycanın inkişafı daxili və xarici qüvvələrdə qısqanclıq yaradır. Bu baxımdan, ölkəmizin inkişafını əngəlləmək, qarayaxmaq və nə isə xoşagəlməz bir vəziyyət yaratmağa çalışırlar. Demək olar ki, onların fəaliyyəti ancaq ağa qara deməkdir. Adını azərbaycanlı qoyub, özünü siyasətçi hesab edən şəxs belə davranış sərgiləyərmi? Əlbəttə yox. Belə olan halda da, demək olar ki, o şəxslərə azərbaycanlı demək olmaz. Əli Kərimli, Cəmil Həsənli kimilər ancaq xaricdən aldıqları sifarişləri yerinə yetirirlər. Təbii ki, bu qüvvələr çox cılız qüvvələrdir və say etibarı ilə o qədər kiçikdirlər ki, istəsələr belə heç bir şey edə bilməzlər. Tam əminliklə demək olar ki, onların nə etmələrindən asılı olmayaraq heç vaxt öz məkirli istəklərinə çatmayacaqlar. Ümumiyyətlə, bu gün xalqımız onların kim olduqlarını və nə etmək istədiklərini çox yaxşı bilir. Bu baxımdan da, onların ictimaiyyət arasında heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifət məhvə məhkumdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB