Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 12 noyabr Konstitusiya Günü ilə bağlı təbriklərini çatdırıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir:
"Əziz həmvətənlər!
12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiya xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi oldu. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq bu qələbə ilə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoyaraq milli intibah ruhunu ilk milli Konstitusiyamıza daşımağı bacardı. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərə alaraq qəti şəkildə deyirdi: “Müstəqilliyimiz əbədidir!”
Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı.
Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) 91,9 faiz səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi. Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır. Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini etmişdir. Müstəqil respublikamızın müdrik rəhbərinin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik inkişafa güclü təkan vermişdir.
Bu Konsitusiya Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etməklə yanaşı demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatların başlanğıcı oldu. Azərbaycan dövləti tarixdə ilk dəfə olaraq milli, müstəqil, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Bu çox ağır və zəhmət tələb edən işləri bir çox dünya ölkələri böyük bir zaman müddətində, tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir.
Ən ümdə məsələlərdən birincisi hüquqi dövlət qurmaq idi. Hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Bu isə öz növbəsində hakimiyyətin bölünməsi prinsipi, ictimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi, insanların və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi, konstitusiya və qanunlar çərçivəsində dövlətin fəaliyyət göstərməsi, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü, dövlət tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının tanınması, onlara əməl olunması və müdafiə edilməsi, dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması, məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti, qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, siyasi və ideoloji plüralizmin bərqərar olmasını şərtləndirən əsas amil idi.
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin ideologiyasının ən layiqli davamçısı, Ali Baş Komandan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir.
Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə də, iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir.
Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir.
Dahiyanə deyilmiş bu sözlər həyatda da öz əksini tapdi. Dünyaya bəlli idi ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-i, ermənistan silahlı qüvvələrinin işğalı altında idi. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını almaq məqəsədi ilə əks həmlə əməliyyatı həyata keçirməyə başladı. Azərbaycan Ordusu Beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının bütün prinsiplərinə əməl edərək, yalnız hərbi obyektlərə qarşı hərbi əməliyyatlar həyata keçirərək işğalçıları torpaqlarımızdan qovmağa nail oldu. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumiz 44 gün ərzində 200 illik tariximizin ən şərəfli səhifəsini yazdı.
Bu illər ərzində torpaqlarımızı sadəcə siyasi proseslər fonunda itirə-itirə gəlmişik. Xalqımızın min illər boyu yaşadığı Qarabağ torpaqlarımızı da super güclər Ermənistana ərmağan etmək üzrə idilər. Bıçaq sümüyə dirənmişdi. Şanlı Azərbaycan Ordusu öz ərazilərimizi işğaldan azad etmək, bu güclərin planlarını pozmaq üçün əks-hücuma başladı və ədalətli nəticə əldə olundu. Şanlı ordumuz sözün əsl mənasında qəhrəmanlıq salnaməsi yazdı. Üzərimizdən böyük bir ləkəni sildi! Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə Konstitusiyamızın ana xəttini təşkil edən ərazi bütövlüyümüzün təmin olunması hüququn aliliyinin təntənəsi oldu!
Bu ucalığı, bu şərəfi, bu qüruru bizə yaşadan, əməliyyat gedişində möhtəşəm qələbələ əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazan şəhid və qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə, təbii ki, bütün bu zəfərlərin memarı olan Ali Baş Komandanımıza əbədi minnətdarıq!
Bir daha Konstitusiya gününüz mübarək olsun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB