"Konstitusiya ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı" - DEPUTAT ŞƏRH ETDİ

"Konstitusiya ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı" - DEPUTAT ŞƏRH ETDİ

“Konstitusiya günü Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb və ölkəmizin əsas ana qanunu sayılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev bununla bağlı komissiya yaradır: “Bu sahəyə bağlı olan mütəxəssislər komissiyaya cəlb edilir və 12 noyabr 1995-ci ildə referendum vasitəsilə konstitusiya qəbul edilir. Konstitusiyamız bildiyimiz kimi 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir. Sonrada 6 maddə əlavə olunaraq ümumilikdə 164 maddədən ibarətdir. Konstitusiyada ilk dəfə əlavə dəyişiklər 24 avqust 2002-ci ildə olunur. Son əlavə dəyişiklik isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə noyabr ayının 12-si Konstitusiya günü elan edildi”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir, insan və vətəndaş hüquqlarının azadlığının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının üzərinə əsas vəzifə kimi qoyur: “Şəxsiyyətin toxunulmazlığı, insanın həyat və sağlamlığının qorunması, əsasən layiqli həyat səviyyəsinin təmin olunması, humanizm, insanpərvərlik prinsipləri Konstitusiyamızın əsas başlıca mahiyyətini təşkil edir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış oldu və ölkəmizin hərtərəfli inkişafına çox böyük dəstək verdi. Son illərdə ölkənin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinə uyğun zərurət yaranır və Konstitusiyamızda əhəmiyyətli dəyişikliklər olunur. Bu dəyişiklər Azərbaycan dövlətinin sosial iqtisadi bazasını daha da gücləndirmiş olur. İndi tam şəkildə söyləyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin bütün sahələrdəki inkişafında onun bazası kimi əsas prinsiplərini təşkil edir və bugünkü dövrün tələblərinə tam uyğundur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə