Zəfər amnistiya dövlətin növbəti humanist siyasətinin təzahürüdür - ŞƏRH

Zəfər amnistiya dövlətin növbəti humanist siyasətinin təzahürüdür - ŞƏRH

Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və bölgədə söz sahibinə çevirib. Son 18 ildə dövlət başçısı tərəfindən həyata keçirilən dövlət proqramları, reallaşan layihələr və islahatlar Azərbaycanın inkişafına, eləcə də ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqın tələbatının ödənilməsinə öz töhfəsini verib. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. Əlbəttə ki, dövlətimizin iqtisadi gücü, xalq-iqtidar birliyi, hərbi potensialımız, müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılması, eləcə də vətən övladlarının vətənpərvərlik ruhunda olması Ali Baş Komandanın rəhbərliyi ilə müharibənin qələbə ilə başa çatmasında həlledici rol oynadı. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında layiqli yer tutması da təsadüfi deyildi.

Azərbaycan xalqı böyük zəfər tarixini əbədiləşdirdi və yaşadı. 8 Noyabr Zəfər günü ərəfəsində dövlətimiz tərəfindən amnistiya ilə bağlı qərarın verilməsi humanist addım olaraq minlərlə insana böyük sevinc bəxş etdi. Ölkəmiz üçün mühüm əlamətdar günlərdə, bayramlar ərəfəsində amnistiyaların verilməsi çoxsaylı ailələrə sevinc bəxş edir. Azərbaycanda bu humanist ənənənin əsasını isə Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb. Belə ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi barədə qanun layihəsini təsdiqləyib. Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi böyük bir töhfə oldu.

Vurğulamaq yerinə düşər ki, 1995-2021-ci illər ərzində müstəqillik dövründə Azərbaycanda 67 əfv fərmanı və sərəncamı qəbul edilib. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılıb. Qeyd olunan dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından sonuncuları Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva deputat fəaliyyəti dövründə təqdim edib. 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən aministiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Bu gün isə Zəfər günü ilə bağlı amnistiya elan edilməsi minlərlə insana böyük sevinc yaşadacaq.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti vurğulanıb. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb. Bu qərar qəbul olunduğu gündən amnistiya qüvvəyə minib və əlaqədar orqanlar tərəfindən 4 ay müddətində amnistiyanın tətbiqi təmin edilməlidir. Bu qərar indiyə qədər qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən geniş qərardır. Bu günə qədər keçirilmiş amnistiya aktlarından bu akt tamam fərqlənir. Layihədə 3 ildən artıq müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılacaq. Cəzaçəkmə müəssisələri, təhqiqat və ya ibtidai istintaq orqanları bu Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin edəcəklər.

Əlbəttə ki, Zəfər Günü ərəfəsində bu amnistiyanın verilməsi Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da artırmış oldu. Belə ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər və digərləri müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə