Ağdaş rayonunda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib FOTOLAR

Ağdaş rayonunda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov Ağdaş rayon Heydər Əliyev Mərkəzində bir qrup Vətən müharibəsi qaziləri ilə görüş keçirib. Görüşdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazilərlə söhbət zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düzgün qurduğu strategiya, qətiyyəti və siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti hesabına ölkəmizin mənfur düşmən üzərində qələbə qazanılmasından söhbət açılıb. Bu gün qürurla qeyd etdiyimiz tarixi Qələbənin döyüş meydanında müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazanıldığı, şəhidlərin canı, qazilərin qanı bahasına, xalqımızın birliyi ilə əldə edildiyi vurğulanıb. Qazilərin, şəhid ailələrinin dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Qazilərimiz ən ağır döyüşlərin getdiyi anlarda belə əsgərlərin, şəxsi heyətin yüksək əhval-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, ərazilərimizin düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü qeyd edərək, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüş qarşılıqlı diskussiya şəraitində davam etmiş, qaziləri narahat edən məsələlər dinlənilmiş, edilən müraciətlər müzakirə olunaraq, həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Qazilərimiz bir daha bəyan ediblər ki, onlar hər zaman ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında birləşiblər və Müzəffər Ali Baş Komandanın hər bir əmrini canla-başla icra etməyə daima hazırdırlar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə