“Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa yumruğumuzu görəcək” - TƏHLİL

“Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa yumruğumuzu görəcək” - TƏHLİL

2020-ci il, 8 noyabr. Azərbaycan tarixində ən böyük qələbə. 1992-ci il 8 may işğal və 2020-ci il 8 noyabr Qələbə, Zəfər Günü. Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq Şuşamızda dalğalanmaqdadır. Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”. Elə 8 noyabr Zəfər Günü Şuşanın işğaldan azad olunmasının bir ili bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı növbəti XƏBƏRDARLIĞINI etməklə bir daha dünyaya kimin kim olduğunu göstərdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 30 il Qələbə həsrətinə 10 noyabrda son qouldu və bu tarixi yaşadı. Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Vəssalam, nida! Başqa yol yoxdur!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!

“Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox?”

“Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox?",- deyən Azərbaycan Prezidenti, onu da bildirib ki, bu Azərbaycan xalqının, gənclərinin Vətənə, torpağa olan məhəbbətinin göstəricisidir: «Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq”. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib ki, bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq: “Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir”.

Bəli, bizim yumruğumuz bizim birliyimizdir. Dövlət başçımızın dediyi kimi: “Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar”. Bəli, dəmir yumruğun gücü ilə tarixi dəyişən 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın «status-kvo»nu ürəyində qalsın. Bəli, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın «dəmir yumruğ»unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi.

"Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq"

Dövlət başçısı bildirib ki, xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik: “Bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”. Ali Baş Komandanın keçmiş Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə daşımaq istəyənlərə ünvanladığı mesajları və bəyanatları ilə bu münaqişə həll olunub. Ölkə rəhbərinin vurğuladığı kimi, artıq ortada Dağlıq Qarabağ adlı münaqişə qalmayıb, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan işğalçı ölkəni diz çökdürərək şanlı bayrağını azad edilən tarixi torpaqlarımızda dalğalandırır. Buna düşmən də razılaşıb, kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi faktiki olaraq problemin sona çatmasını rəsmiləşdirib. Bu münaqişəni Azərbaycan təkbaşına həll edib. Həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd isə tarixə Ermənistanın kapitulyasiya aktı kimi düşdü. Bu faktı erməni siyasətçilər və politoloqlar özləri də dəfələrlə təsdiqləyiblər: «Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir”.

“Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq”

"2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu". Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib. "Uzun illər aparılan sülh danışıqlar heç bir nəticə vermədi. Nəticə sıfıra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı”.

Dövlət başçısı bildirib ki, Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyənlərin ürəklərində qaldı: «Onlar hesab edirdilər ki, əgər 30 ilə yaxın bizim torpağımızı işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır. Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur".

"Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq"

"Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər". Bu fikirləri Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib: "Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar”. “İqtisadi müstəqillik əldə edilməsəydi siyasi müstəqillikdən söhbət gedə bilməzdi",-deyən dövlət başçısı bildirib ki, biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik.

Dövlət başçısı vurğulayıb: "İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır". "İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi", - Prezident bildirib.

“Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq”

Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib ki, artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub: «May ayında bu il bax burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu”.

Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı hərbçilər qarşısında etdiyi çıxışı Azərbaycanın gələcəyə baxışını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, silahlar öz-özünə qələbə çala bilməzdi, bu qələbəni həmin silahları idarə edən rəşadətli ordumuz, igid əsgər və zabitlərimiz bizim üçün təmin edib. Dövlət başçısı öz çıxışında bir daha qeyd etdi ki, Ermənistan hansısa rəvanşist istəklərini reallaşdırmaq istəsə, "dəmir yumruq" yerindədir: “Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq”.

Bir sözlə, dövlət başçımızın dediyi kimi: “Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir". Bəli, bu gün Böyük Qələbəmizdir. Bu gün tarixi gündür. Ali Baş Komandanımız, Prezident İlham Əliyev ın mayın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı dediyi kimi: “Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə