"Ordumuz 44 günün hər bir günündə qəhrəmanlıq dastanını yazdı" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ordumuz 44 günün hər bir günündə qəhrəmanlıq dastanını yazdı" - MÜNASİBƏT BİLDİRİLDİ

"Zəfər Günü milli qürur tariximizdir. Bu tarix son 200 ildə ilk dəfə Azərbaycanın öz ərazilərini işğaldan azad edən tarixdir. 8 noyabr Azərbaycanın qalib ölkə elan olunduğu tarixdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov bildirib.

Onun sözlərinə görə, son 30 ildə torpaqlarımız erməni işğal altında olması ilə başımız aşağı idi: "Qatıldığımız bütün beynəlxalq tədbirlərdə işğala son qoydurulması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyinə çağırışlar edirdik. BMT-nin qətnamələri qəbul olunsa da icra olunmurdu və pozulmuş beynəlxalq hüququmuzun bərpasına çağırışlar edirdik. Bu illər ərzində bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul olunmuşdu. Amma heç kim Ermənistana "gözün üstə qaşın var" deyən olmadı. Cəzasızlıq mühütündən ruhlanan Ermənistan yeni bəyanatlar səsləndirir və xalqımızın milli hislərinin təhqirinə başlamışdı. Uzun illər danışıqlar masası arxasında oturaraq münaqişənin həlli variantlarını müzakirə olunsa da son illər Ermənistan danışıqlar aparmaqdan belə imtina etmiş, yeni ərazilər uğrunda yeni müharibə bəyanatları səsləndirir və münaqişə bölgəsindən kənarda təxribatlar törətməyinə, yeni işğal niyyətlərini reallaşdırmağına çalışırdı. Artıq Azərbaycanın səbri tükənmişdi və Ali Baş Komandan İlham Əliyevin əmri ilə müharibənin qaçılmaz olduğu hesab edilərək 27 sentyabrda bütün təmas xətti boyunca əks-həmlə əməliyyatlarına start verildi. Beləliklə 44 günlük Vətən müharibəsi başlandı. Şanlı ordumuz bu 44 günün hər bir günündə qəhrəmanlıq dastanını yazdı. Ali Baş Komandanımızın öncədən hazırladığı döyüş taktikasını rəhbər tutaraq hücuma keçən Azərbaycanın Silahlı Qüvvələri 8 noyabrda düşməni darmadağın edərək Şuşanı işğaldan azad etdi. Ordusu məhv olunmuş və döyüş qabiliyyətindən tamamilə məhrum olunmuş Ermənistan Moskvaya yalvararaq müharibənin dayandırılması üçün dizini yerə vuraraq Azərbaycana xahiş etdi. Beləliklə münaqişə döyüş meydanında həll olundu və siyasi meydanında həll olunması üçün Prezient İlham Əliyevin bəyan etdiyi 9 bənddən ibarət üçtərəfli bəyanatın imzalanmasına Ermənistan məcbur oldu. Əslində Paşinyanın imzaladığı üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı idi və qeyd-şərtsiz Azərbaycana təslim olunması haqqında sənəddir. Beləliklə müharibə sona çatdı və güllə atılmadan, şəhid verilmədən üç böyük rayonumuzu da ermənilər boşaltdılar. Beləliklə 8 noyabr Zəfər Günümüz adlandırıldı və bu il zəfərimizin birinci ilini xalqımız böyük sevinc və coşqu ilə qeyd etdi. Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır və bundan sonra həmişə 8 noyabrı böyük sevinclə bayram edəcəyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə