"Ermənistan yekun sülh sazişini imzalamağa məcbur ediləcək" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan yekun sülh sazişini imzalamağa məcbur ediləcək" - DEPUTAT ŞƏRH ETDİ

"Ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında birgə imzalanan bəyanatdan artıq bir il ötür. Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, birgə bəyanatın imzalanması 44 günlük vətən müharibəsində Azərbaycanın inamlı zəfərinin ifadəsi idi. Birgə bəyanatın müddəaları Azərbaycanın diqtəsi ilə formalaşdı. Bunu sübut edən başlıca məqamlar ondan ibarətdir ki, Ermənistan bu bəyanatı imzalamaqla öz üzərinə öhdəliklər götürmüş oldu". Bunu SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

O, qeyd edib ki, Ağdam, Kəlbəcər, Laçın döyüşsüz Ermənistan tərəfindən təhvil verildi. Bu hesab edirəm ki, qələbəmizin növbəti tarixi mərhələsi idi. Ayrıca olaraq xüsusi qeyd etmək lazımdır ki, birgə bəyanatın doqquzuncu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsi öz əksini tapmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi bu onun təkidi nəticəsində baş verdi. Yəni, Azərbaycan 44 günlük Vətən müharibəsində özünün güc mövqeyini formalaşdırmaqla birgə bəyanatın müddəlarının öz maraqlarına uyğun olmasına nail oldu. Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin yaradılması, təbii ki, gələcəkdə böyük bir coğrafiyada effektiv nəqliyyat infrastrukturu sisteminin əsasını qoymaq imkanını verəcəkdir.

Elşad Mirbəşiroğlu bu barədə fikirlərini belə izah edib: "44 günlük Vətən müharibəsindən sonra Ermənistanın birgə bəyanata imza atması Ermənistan cəmiyyətində birmənalı olaraq cinayətkar dövlətin ağır məğlubiyyəti kimi qiymətləndirildi. 10 noyabr tarixində birgə bəyanatının imzalanmasından bir gün sonra Ermənistanı kütləvi ixtişaşlar bürüdü. Etirazçılar baş nazirin iqamətgahına, parlamentə hücum etdilər. Paşinyanın istefasını tələb etdilər. Paşinyan, yenə də, 2018-ci ildə olduğu kimi gizlənərək "Facebook" qəhrəmanına çevrildi. Daha doğrusu, "Facebook" baş naziri oldu. Buna məcbur qaldı. Ermənistandakı dərin siyasi böhran, Azərbaycanın qələbəsinin möhtəşəmliyini sübut edirdi. Bu həm də birgə bəyanatın Ermənistan üçün nə qədər ağrılı məğlubiyyət sənədi olduğunu göstərirdi. Paşinyan etiraf edərək qeyd etmişdir ki, birgə bəyanata imza atmaq onun üçün olduqca ağır idi. Lakin başqa çıxış yolu yox idi. Ermənistana çıxış yolu qoymayan, təbii ki, 44 günlük Vətən müharibəsində öz torpaqlarını inamla azad edərək tarixi qələbə çalan Azərbaycan oldu.

Bu baxımdan hesab edirəm ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanı kapitulasiya aktına imza atmağa məcbur etməklə Azərbaycan özünün dönməz şəkildə güc mövqeyini formalaşdırdı. Bundan sonra cərəyan edən hadisələr də Azərbaycanın ədalətli maraqlarına uyğun olacaq. Azərbaycan işğaldan azad olunmuş ərazilərində sürətlə tikinti quruculuq işləri aparmaqdadır. Regionun nəqliyyat mənzərəsini daha köklü şəkildə dəyişmək imkanına məhz Azərbaycan malikdir. Ermənistan hər vəchlə yekun sülh sənədini imzalamaqdan boyun qaçırır. Azərbaycan isə mütləq Ermənistanın yekun sülh sazişini imzalamağa məcbur edəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə