“10 noyabr tarixli Bəyanat erməni işğalına son qoydu” PARTİYA SƏDRİNİN MÜNASİBƏTİ
“10 noyabr tarixli Bəyanat erməni işğalına son qoydu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Ermənistan hərbi kapitulyasiya aktını imzalayaraq, dünya ictimaiyyəti qarşısında işğalçı olduğunu qəbul etməklə bərabər, Azərbaycanın regionda sülhün və əmin-amanlığın təminatçısı olduğunu isbatladı.
“Düz 30 il idi ki, heç bir beynəlxalq təşkilat erməni işğalı və erməni terroru ilə bağlı obyektiv qərar səsləndirməyib. Bu gün rəsmi İrəvanın 30 ildir işğalçı bir dövlət olduğunu etiraf etməsinə rəğmən, heç bir beynəlxalq təşkilat Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırış belə etmir. Baxmayaraq ki, Azərbaycan 10 noyabr tarixli Bəyanatla, sadəcə, əzəli torpaqlarını işğaldan təmizləmədi, Azərbaycan eyni zamana regionda sülh və əmin-amanlıq yaratdı. 10 noyabr tarixli Bəyanatla Azərbaycan BMT-nin 4 qətnaməsinin icra olunmasına rəsmi şəkildə nail oldu. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, böyük uğurdur. Eyni zamanda, Azərbaycanda multikultural dəyərlərin olduqca əhəmiyyətli olmasının təzahürüdür. Azərbaycanın müzəffər ordusu, qətiyyətli iradəsi ilə, sözün əsl mənasında, tarixi salnamə yazan cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalq sübut etdi ki, həmrəyliyimiz bizim böyük sərvətimiz, böyük dəyərimizdir.
Üçtərəfli Bəyanat status-kvonu dəyişməyə müvəffəq oldu. Məhz üçtərəfli Bəyanatdan sonra Qarabağın status məsələsi öz həllini tapdı. İllərdir ATƏT-in Minsk Qrupu bu məsələnin üzərində baş sındırırdı və bu istiqamətdə olan bütün fəaliyyətləri nəticəsiz idi. Üçtərəfli Bəyanat döyüş meydanında Azərbaycanın qazandığı qələbənin masada öz təsdiqini tapması deməkdir. Üçtərəfli Bəyanat, hesab edirəm ki, Azərbaycanın, ümumiyyətlə, beynəlxalq arenadakı ən böyük zəfəri kimi dəyərləndirilməlidir!”, deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB