Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndərin rolu - MƏQALƏ

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndərin rolu - MƏQALƏ

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.1991-ci il 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olundu və dövlət müstəqilliyi əldə edildi. Yeni Konstitusiyanın işlənib hazırlanması və qəbul edilməsi müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və başlıca vəzifələrdən biri olmuşdur. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991- ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ulu öndərin sədrliyi ilə konstitusiya layihəsi hazırlanmışdır. Belə ki, 2 may 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Dövlət komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə “Hə” cavabını verdi. Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı

Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa qanun və qərar qəbul etmişdir.

Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.

Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.

Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır. Konstitusiya bir "ictimai müqavilə" olaraq dövlət, cəmiyyət və fərd arasındakı münasibətləri müəyyən edir. İnsan hüquqlarının prioritetliyini konstitusion kateqoriyaların Konstitusiyanın strukturunda əks olunan ardıcıllıqdan da müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra ən birinci və böyük bölmə insan haqlarına və vəzifələrinə ayrılıbdır. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, "insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir".

Sevindirici haldır ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbycan Ordusu 30 ildir işğalda olan torpaqları azad etdi. Ölkəmiz Konstitusiya gününü bütöv Azərbaycan olaraq qeyd edir.

Ləman Qəhrəmanova

Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə