"Azərbaycan dünyada iqtisadi, hərbi, diplomatik gücü ilə tanınır" - DEPUTAT ŞƏRH ETDİ
"Artıq bütün dünyada birmənalı şəkildə etiraf olunur ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz həm iqtisadi, həm hərbi, həm də diplomatik gücü ilə tanınır və ölkəmizlə hesablaşılır. Bütün bu amillər müxtəlif ölkələrin, tanınmış şirkətlərin ölkəmizə marağını daha da artırır". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, təbii ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, post-müharibə dövründə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da Azərbaycanın ən yaxın müttəfiqi qardaş Türkiyədir, türk xalqıdır: "İşğaldan azad edilmiş torpaqlarda fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri ilk gündən yorulmadan çalışırlar. Bundan sonra da qardaş Türkiyə daim yanımızda olacaq, iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Türkiyə ilə yanaşı, ölkəmizdən coğrafi cəhətdən uzaq olan dövlətlərin də ölkəmizə marağı artıb. Bu dövlətlər yeni sahələri əhatə edən fəal əməkdaşlıq imkanlarından istifadə etmək istəyirlər. Bu da öz növbəsində iqtisadi, nəqliyyat, geosiyasi cəhətdən və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca vacibdir. Bu ölkələr arasında Azərbaycanın iqtisadi tərəfdaşı olan İtaliya ilə əlaqələrin inkişaf dinamikası xüsusilə yüksəkdir. İki ölkə arasında bir çox diplomatik münasibətlərin mövcud olduğu dövrdə, xüsusən də müharibə dövründə İtaliya dəyişməz mövqe nümayiş etdi. İtaliya parlamentarilərinin müharibə başa çatdıqdan dərhal sonra Azərbaycana səfər edərək bizimlə həmrəy olduqlarını bildirmələri ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin təcəssümüdür. Senat və hökumət nümayəndələrinin ermənilərin ballistik raketlərdən istifadə etməklə dinc əhaliyə qarşı törətdiyi terror aktlarının şahidi olmaq üçün Gəncə və Bərdəyə gəlməsi faktı və beynəlxalq mətbuatda ermənilərin vəhşiliklərinə münasibət bildirmək İtaliya dövlətinin Azərbaycana dəstəyinin təzahürüdür.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Çin Cənubi Qafqaz, İran körfəzi və Aralıq dənizi boyunca infrastruktur layihələrini gözdən keçirərək yeni imkanlar əldə etmək istəyir: "Liman inkişafı, avtomobil yolları və dəmir yollarının salınması Çinin genişlənən “Kəmər və Yol” təşəbbüsünün reallaşmasına yardım edir. Çin şirkətləri Gürcüstan və Azərbaycan sahillərində infrastruktur layihələrinə və Cənubi Qafqaz bölgəsi üzrə regional avtomobil və dəmir yolu tikintisinə yaxından maraq göstərirlər. Bununla yanaşı İran körfəzi ölkələri də Cənubi Qafqazda turizm, bankçılıq, tikinti və enerji sektorlarına sərmayə qoymağa başlayıblar. Səudiyyə Ərəbistanı 2020-ci ildə Azərbaycan ilə külək elektrik parkının tikintisi ilə bağlı müqavilə imzalayıb. Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. BƏƏ isə 2016-cı ildə yaradılmış BƏƏ-Azərbaycan birgə investisiya fonduna 2 milyard dollardan çox sərmayə qoyub. Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi də son illərdə artıb".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB