"COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumu öz işinə başlayır TƏHLİL

"COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumu öz işinə başlayır TƏHLİL

Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklər Forumda müzakirə olunur

Azərbaycan çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Paytaxtımızda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə (COVİD-19 pandemiyasına qədər) keçirilən Qlobal Bakı Forumları müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirib. Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilib. 2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən VII Qlobal Bakı Forumunda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etmişdir. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu Covid-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır.

Əlbəttə ki, forumda müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən forum dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanın ümumi çağırışları müzakirə olunur. Əlbəttə ki, bu gün də belədir. Noyabrın 4-dən 6-dək "COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumu keçiriləcək. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri nəzərdə tutulub.

AZƏRBAYCAN PANDEMİYAYA QARŞI QLOBAL SƏYLƏRİ SƏFƏRBƏR EDƏN İLK ÖLKƏLƏRDƏN BİRİDİR

Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük nüfuza sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Bu gün dünya ölkələrində pandemiyanın hökm sürdüyü bir zamanda Azərbaycan da bu virusla üz-üzə qalmışdır. Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilib. Zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi COVID-19 ilə mübarizədə mühüm rol oynamış oldu. Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Bu gün peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürmüşdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir", - deyə dövlət başçısı çıxışlarının birində bildirib. Qeyd edib ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur: "Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur".

Əlbəttə ki, müasir dünyanı narahat edən məsələlər məhz bu forumlarda müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, Qlobal Bakı Forumunun əhəmiyyəti böyükdür.

·

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə