Cəbhədən gələn qələbə soraqları bizi Zəfərə apardı TƏHLİL

Cəbhədən gələn qələbə soraqları bizi Zəfərə apardı TƏHLİL

44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. Hər dəfə qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandanın xalqa müraciətləri zamanı işğaldan azad olunan şəhər, kənd, qəsəbələrin xəbərini bizə çatdırması qələbəmizin lap yaxında olmasından xəbər verirdi. Ötən ilin bu günü 3 noyabrda müharibənin başlanmasından 38 gün keçmişdi və işğalda olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri, Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri və s. onlarla belə ərazilərimiz işğaldan azad olundu. 4 noyabr tarixində isə Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri işğaldan azad olundu. Bu və ya digər ərazilərin işğaldan azad olunması Azərbaycanın güclü və qüdrətli bir ölkə olduğunu təqdim edirdi. Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini erməni təcavüzkarlarından azad edərək, işğala son qoydu. Hər gün qələbə soraqlı yeni xəbərlər eşidirdik.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİ TARİXDƏ AZƏRBAYCANIN ŞANLI QƏLƏBƏSİ KİMİ QALACAQ"

Bu, 44 gün bizim daş yaddaşımıza əbədi olaraq köçdü. Bu tarixi günləri həyəcansız, sevinclə yaşamamaq mümkün deyildi. Bu sevinci bizlərə nəsib edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və güclü, şanlı Müzəffər Ordumuz idi. Ötən ilin bu günündə müharibənin bitməsinə sayılı günlər qalmışdı. Bir neçə gündən sonra artıq Qələbə xəbərini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 ilə yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. Cənab Prezident böyük xalqımıza bu Qələbə xəbərini verəcəkdi. Hər gün torpağımız şəhidlər verirdi. Vətənin mərd, igid övladları Vətən, deyib düşmən üzərinə hücum edirdilər. Xocalı qisası alınırdı, 30 il torpaq nisgili ilə yaşayan insanların qisası alınırdı, mübarizlərin, poladların qısası alınırdı, bir ovuc torpaq nisgili ilə dünyasını dəyişən insanların qisası alınırdı. Qisas qiyamətə qalmadı. Qisas almaq və torpaqların hər qarışı uğrunda mübarizəyə qalxan övladlarımız ölümün gözünə dik baxdılar. Hələ uşaqlıqdan torpaqlarımızdan erməniləri qovmağa və onlara dərs verməyə hazır yetişmişdilər. Gerçəkliyə çevrilən bu günü sanki hər gün xəyallarında qurmuşdurlar. Bir yumruq olaraq birləşməyi bacardıq. Xalqın əzəməti, böyüklüyü bir daha göründü. Bir il bundan əvvəl hələ də qızğın döyüşlər davam edirdi. Hələ neçə-neçə Vətən övladı can fəda edəcəkdir. Şəhadətə qovuşacaqdı, Şəhidlik zirvəsinə yüksələcəkdir. Vətəni vətən edən, torpağı torpaq edən üzərində tökülən qandır. Bu gün ən yüksək zirvədə duran şəhidlərimiz ölümsüzlüyə qovuşublar, adları gələn yerdə vüqarlı bir xalq olduğumuzla qürurlanırıq. Azərbaycan tarixinə silinməz tarixi həkk edən ŞƏHİDLƏRİMİZ. Bu gün onların qanı ilə suvarılmış torpaqlarımız azad nəfəs alır. Ali Baş Komandanın gücü və qətiyyətli iradəsi, siyasəti nəticəsində Azərbaycan Ordusu müharibədə QALİB oldu. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi".

30 İL HƏSRƏTLƏ GÖZLƏDİYİMİZ TORPAQLARIMIZA YENİ NƏFƏS GƏLİB, XARIBÜLBÜLÜMÜZ NİGARAN BAXIŞLARINI YOLLARDAN ÇƏKİB

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. Xarı bülbülümüz nigaran baxışlarını yollardan çəkib, hər gəlib-gedən əzəli sakinlərinə "Xoş gəldin", - deyir. Təbiət də oyanıb. Bu oyanış böyük bir müjdəyə susuz idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşatdı. Gözün aydın, AZƏRBAYCAN! - deyirik bir daha. Bu, elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Xalqımız üçün bundan sevincli gün nə ola bilərdi ki? Artıq bu gün tarixiləşdi. Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda vuruşdular. Hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksələn oğullar Vətən savaşında şücaət göstərərək, düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, onlara borcluyuq. Vətənimizin ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli vəzifəsini yerinə yetirən vətən oğulları dövlətimiz tərəfindən bir sıra medal və ordenlərə layiq görüldülər. "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm" - deyən Cənab İlham Əliyev müvafiq göstəriş verildiyini hərbçilərlə görüşü zamanı vurğulamışdır: "Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək".

Çox keçmədi ki, xalqımızın igidlik göstərmiş övladları, gəncləri dövlət başçısının Sərəncamı ilə yüksək adlara layiq görüldülər. Bu, onlara qarşı bir ehtiramdır, sevgidir. Azərbaycanda Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edildi. "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olundular. Bundan başqa, döyüşdə qəhrəmanlıq, şücaət göstərən vətən oğullarına "Vətən Müharibəsi Qəhrəmanı" adı da verildi. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə