Sosial şəbəkələr müxalifətin fəaliyyət prinsipinə çevrilib - ŞƏRH

Sosial şəbəkələr müxalifətin fəaliyyət prinsipinə çevrilib - ŞƏRH

Bu, bir fakt və reallıqdır ki, bu gün dünyamızda kifayət qədər yeniliklər və dəyişikliklər mövcuddur. Baxmayaraq ki, əksər dəyişikliklər insanların dünya görüşünün artmasına, cəmiyyətlərin inkişafına təsir edən amillərdəndir. Ancaq yeniliklər sırasında insanların həyatına təsir edən, düşüncəsini və baxışlarını dəyişən yeniliklər də var. Xüsusilə də, sosial şəbəkələr bir sıra məsələlərə görə, hər kəs tərəfindən qəbul edilən yenilik deyil. Yəni sosial şəbəkələrdən razı qalanlarla yanaşı, narazı olanlar da az deyil. Buna baxmayaraq həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. Hər bir istifadəçi internetdən müxtəlif məqsədlər üçün istifadə edir. Deyək ki, bir nəfər internetdən informasiya əldə etmək, ünsiyyət yaratmaq üçün istifadə edirsə, digəri video roliklərə baxmaq, fotolar paylaşmaq məqsədilə istifadə edir, başqa birisi isə şər və böhtanlar yaymaq, dezinformasiyalar paylaşmaq üçün internetə baş vurur. Dünyanın tanınmış internet layihələri üzrə marketinq araşdırmaları şirkəti olan “Comscore”in yaydığı məlumata görə, dünyada 15 yaşdan yuxarı 1,9 milyard internet istifadəçisinin üçdə ikisini əhatə edən 1,2 milyard insan sosial şəbəkə saytlarından istifadə edirlər. Təbii ki, 1,2 milyard insanlar arasında sosial şəbəkələrdən təxribatlar törətmək, dezinformasiyalar yaymaq, insanları hədəfə almaq üçün istifadə edənlər də var. Elə götürək ölkəmizi. Yəni ölkəmizdə də elə sosial şəbəkə istifadəçiləri var ki, işləri gücləri ancaq qeybət xarakterli məlumatlar yaymaq, canlı yayımlar təşkil etməklə milli maraqlara qarşı ittihamlar səsləndirməkdir. Bu kateqoriyadan olan məxluqlar sırasında daha çox müxalif düşərgənin təmsilçilərinə rast gəlmək olar.

Müxalifət cəmiyyətdə hiddət və qəzəb doğuran yalanlar paylaşırlar

Artıq sübuta yetirilməkdədir ki, sosial şəbəkələr də söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları ilə çıxış etmək AXCP, Müsavat, VİP, “Milli Şura” və bu kimi digər müxalif qurum rəhbərlərinin əsas fəaliyyət prinsipinə çevrilib. AXCP sədri Əli Kərimli və onun trolları demək olar ki, hər gün sosial şəbəkələrdə insanların heysiyyatına toxunan, cəmiyyətdə hiddət və qəzəb doğuran yalanlar paylaşım edirlər. BQP-nin sədri, millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirərkən Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Ə.Kərimli dayandığını bildirir. Onun bildirdiyinə görə, satqın və riyakar olan Ə.Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir: "Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də, cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 24 ildən artıqdır ki, bu proses gedir. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər".

“Mübarizənin də əxlaqi normaları və qaydaları var”

Söz yox ki, sosial şəbəkələrdə şər və böhtan xarakerli məlumatlar paylaşmaq müxalifət üçün heç də yad deyil. Yəni onlardan bundan başqa nəsə gözləməyə də dəyməz. Xaricdən maddi və mənəvi cəhətdən asılı olan Ə.Kərimli, Cəmil Həsənli hədyanlar yaymağa meyillidirlər. Bu onların apardıqları siyasətin ana xəttidir. Nəzərə almaq lazımdır ki, bu məxluqlar 44 günlük Vətən müharibəsi dövründə xalqla eyni mövqedən çıxış etmədilər. Dəfələrlə siyasi partiyalar Ermənistanın terror əməllərinə etiraz əlaməti olaraq birgə bəyanatlar imzalasalar da, AXCP və Müsavat bu birgə bəyanatlara qoşulmadılar. Bu gün işğaldan azad olunan Qarabağda geniş miqyaslı quruculuq və abadlıq işlərinin getdiyi bir zamanda Əli Kərimli özünə müvafiq düşüncəyə malik Sevinc Osmanqızının tv-sinə çıxaraq görülən işlərə kölgə salmağa çalışır. Hətta şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan və anti-Azərbaycan şəbəkə ilə sıx iş birliyinə gedən Ə.Kərimli utanıb çəkinmədən Füzuli Beynəlxalq Hava Limanının açılmasına ehtiyac olmadığını bildirir. AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında təəssüf hissi ilə bildirdi ki, son zamanlar söyüşü, təhqiri, alçaltmaları mübarizə metodu kimi istifadə edənlərin sayı artmaqdadır: “Bu hal təkcə tərbiyə, mənəviyyat və əxlaq problemi deyil, həm də psixoloji problemdir. Mübarizənin də əxlaqi normaları və qaydaları var. Siyasətlə məşğul olanlar hər cür yüksək parametrlərinə görə seçilməli, etalon olmalıdırlar. Ola bilsin kimlərsə öz səviyyəsinə uyğun olaraq qeyri-standart yolu seçib, lakin bu, heç də o demək deyil ki, eyni üslubda cavab verilsin. Mitinqlər sosial sifarişdir. Cəmiyyətdə narazılıqların olması mümkündür. Bu narazılıqlar sosiallaşmırsa, kütləviləşmirsə, deməli bunun bir günahı da siyasi partiyaların üzərindədir. Kütləvi aksiyaları keçirmək üçün xeyli vaxt və böyük zəhmət, inandırma tələb edir, yoxsa yuxudan durar-durmaz mitinq elan edib, sonra da söyüşlə, təqhirlə mitinqə insanları gətirmək əsla mümkün deyil. O söyüş söyənlər bilməlidirlər ki, söyüşün də iki başı, iki tərəfi olur. Eyni qayda ilə də cavab verilə bilər və verilir də. Sosial şəbəkələrdən söyüşlər yağdıranların hamısı “psevdoad”lar adında gizlənmiş cəmiyyət üçün yaramaz insanlardır. İnanıram ki, bu cür xoşagəlməz tendensiyalar tezliklə aradan qaldırılacaq. Həmin şəxslər də öz məsuliyyətlərini dərk edəcəklər.”

Koordinasiyalı şəkildə qurulan iş birliyi

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir iki, xaricdəki “söyüş müxalifəti” əksər hallarda fəaliyyətlərini daxildəki, müxalif qüvvələrin istəklərinə əsasən qururlar. Fikir verin, davamlı olaraq Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Mirzəli, Sevinc Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədov və digərləri ermənipərəst mövqedən çıxış edib, Azərbaycanın milli və dövlətçilik maraqlarını təhqir etdikləri halda bir dəfə də olsun Ə.Kərimli, C.Həsənli, Ə.Əliyev və digərləri buna öz etirazlarını bildirməyiblər. Əksinə, məlum internet Tv-lərdə çıxışları zamanı hədyan paylaşanlara öz dəstəklərini nümayiş etdiriblər. Bu da onu təsdiq edir ki, əslində, xaricdə gizlənən “söyüş müxalifəti” ilə ölkəmizdəki dağıdıcı müxalif ünsürlər fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər. Bəlkə də hər iki qütb eyni mərkəzdən maddi və mənəvi yardımlar alırlar. Ancaq el məsəlidir, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Dağıdıcı müxalifət və onlarla iş birliyində olan xaricdəki “söyüş müxalifəti” Azərbaycan dövlətçiliyinə qarşı şər və böhtanları ilə, öz ayaqlarının altını qazırlar. Həm də unutmaq olmaz ki, haqq-ədalət deyilən ali divan var. Bu baxımdan, gec və ya tez onlar etdikləri bəd əməllərə görə, o ali divanda oturacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə