"Bu, regionlarımızın sürətlə yeniləndiyinin ən bariz göstəricisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Regionlarımızda görülmüş işlər vətəndaşa göstərilən qayğının təzahürüdür”. Bu sözləri SİA-ya açıqlmasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Şamaxı və İsmayıllı rayonlarına səfəri haqqında danışarkən deyib.

O bildirib ki, Azərbaycanın bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə edən yenidənqurma, bərpa işləri davamlı şəkildə həyata keçirilir: "Biz ölkə rəhbərinin regionlarımızda hər səfərlərində yeni-yeni yolların, inzibati binaların, təhsil və səhiyyə ocaqlarının, idman və turizm obyektlərinin açılışının, infrastrukturun yenilənməsinin şahidi oluruq. Cənab prezidentin və Mehriban xanımın son Şamaxı və İsmayıllı rayonlarına səfərləri də regionlarımızın sürətlə yeniləndiyinin və inkişaf etdiyinin ən bariz göstəricisidir.
Regionlarımızda həyata keçirilən işlərin həcmi haqqında təsəvvürə malik olmaq üçün təkcə bir səfər çərçivəsində açılışı edilmiş müxtəlif təyinatlı obyektlərin sayına baxmaq kifayətdir. Səfəri izləyən zaman hər birimiz İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinin həyata keçirilməsinin, biosmart avtobus dayanacaqlarının quraşdırılmasının, Heydər Əliyev Parkında görülmüş işlərin, küçələrin asfalt örtüyünün yenilənməsinin, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işlərinin, Basqal-Sulut avtomobil yolunun açılışının, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlərin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışının, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin, Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışının, “Meysəri” yarımstansiyasında həyata keçirilmiş əsaslı yenidənqurma işlərinin, Şamaxı Gənclər Parkında görülmüş işlərin, 7 saylı körpələr evi-uşaq bağçasının açılışının, Yaradıcılıq Mərkəzinin və eləcə də 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionunun açılışının, Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışının, Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərinin şahidi olduq.
Bütün bunlar onu sübut edir ki, Şamaxı və İsmayıllıda son illərdə möhtəşəm iqtisadi, sosial və infrastruktur layihələri həyata keçirilib, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bu rayonların da dinamik inkişafını təmin edib. Bütün rayonlar kimi bu bölgənin də inkişafı ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqətində olub.
Onu da qeyd etmək yerinə düşər ki, yuxarıda sadaladığım işlərin bir qismi dövlət büdcəsindən ayrılmış vəsait hesabına deyil, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Məsələn, xatırlıyırsınızsa 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi. Eləcə də yeni istifadə verilmiş məktəblər və körpələr evi də Fondun təhsil sahəsində ardıcıl olaraq həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində tikilmiş, Şamaxı Gənclər Parkı Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılmışdı”.
Politoloq həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində ardıcıl fəaliyyət göstərərək xalqımızın milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması ilə bağlı xeyli işlər görmüşdür. Eləcə də Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları adlı irimiqyaslı layihələr həyata keçirilir.
Bütün sadalananlar bir daha onu göstərir ki, hətta indiki, yəni işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulmasının prioritet təşkil etdiyi zamanda belə digər bölgələrimizin inkişafı arxa plana keçirilməyib. Bütün regionlarımızın sosial-iqtisadi inkişafı indiyə qədər prezidentin diqqətində olduğu kimi yenə də diqqətdədir və bütün qəbul olunmuş proqramlar sistemli şəkildə həyata keçirilməyə davam edir. Heç şübhəsiz ki, bütün bu fəaliyyət vətəndaşımıza göstərilən qayğının təzahürüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB