"Qlobal Bakı Forumu unikal bir platformadır -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Əvvəla qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından unikal bir platformadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.
![]()
Onun sözlərinə görə, mərkəz Azərbaycanın tarixini, mədəniyyətini və multikultural dəyərlərini təbliğ etməklə beynəlxalq müstəvidə ölkəmizlə bağlı müsbət obrazın formalaşmasına töhfələr verir: “Təbii ki, ötən ilə qədər biz qlobal informasiya məkanında daha çox ərazi bütövlüyümüz və erməni işğalçılığı ilə bağlı təbliğata üstünlük verirdik. Amma 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə və bütövlükdə münaqişəyə son qoyduğumuza görə beynəlxalq müstəvidə aparacağımız təbliğatın da konturları əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycan müharibə nəticəsində yeni reallıqlar yaratdı. Regionda tamamilə yeni və unikal münasibətlər sisteminin formalaşması üçün böyük imkanlar açılıb. Xüsusən, Azərbaycan və Türkiyə Prezidentlərinin öncüllüyü ilə təşəbbüs edilən yeni əməkdaşlıq platforması regiona yalnız inkişaf, firavanlıq və təhlükəsizlik vəd edir. Bu mənada, Azərbaycan regionun məsuliyyətli aktoru olaraq regionda yaranmış yeni vəziyyət və gələcək perspektivlər barədə öz baxışlarını dünya ictimaiyyəti ilə bölüşməkdə maraqlıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi VII Qlobal Bakı Forumu da məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nüfuzlu siyasi liderlərini özündə birləşdirən bu Mərkəz qlobal informasiya məkanında rəy formalaşdırmaq imkanına sahibdir. Nəzərə alsaq ki, hələ də bəzi beynəlxalq dairələr hələ də Cənubi Qafqazda münaqişə vəziyyətinin yenidən formalaşmasında maraqlı olduqlarını gizlətmirlər, belə olan halda bu istiqamətdə təbliğat aparmağın zəruriliyi daha da aktuallaşır”.
Politoloq həmçinin bildirib ki, digər aktual məsələ dünyada pandemiya ilə bağlı vəziyyətin nəzarətdə saxlanılması ilə bağlıdır: "Azərbaycan bu sahədə də qlobal təşəbbüslərlə çıxış edən məsuliyyətli aktordur. Prezident İlham Əliyev bəzi ölkələrin ehtiyaclarından dəfələrlə artıq peyvənd əldə etmək cəhdlərini pisləyərək "vaksin millətçiliyinə" qarşı qlobal çağırışlar etmişdir. Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərə imza atan Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə görüşü və 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin bariz nümunəsidir. Bir sözlə, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi məsuliyyətlə öz üzərinə götürdü və Hərəkatın pademiyanın səbəb olduğu çağırışları adekvat və vaxtında cavablandırması istiqamətində ciddi səylər göstərdi. Hesab edirəm ki, VII Qlobal Bakı Forumu Azərbaycanın bu istiqamətdəki təşəbbüslərini davam etdirməsi üçün olduqca mühüm platformadır. Azərbaycan beynəlxalq təhlükəsizliyə verdiyi önəmli töhfələrlə özünün məsuliyyətli aktor olduğunu əməli-praktiki addımlarla təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB