"Dünya ictimaiyyətininin aldadılmasına imkan verməməliyik" - SƏDR MÜAVİNİ ŞƏRH ETDİ

"44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlər Rusiyanın vasitəçiliyi ilə nizama düşməyə başlayıb". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Sədr müavini qeyd edib ki, təbii ki, bölgədə sülhün təmin olunması və Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün Rusiyanın üzərində məsuliyyət var. Buna görə də Rusiya həm 10 noyabr razılaşması şərtlərini yerinə yetirmək, eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə Azərbaycanın yurisdikasının qaytarılması üçün bir növ üzərinə məsuliyyət götürüb.

Bu barədə Mütəllim Rəhimli fikirlərini belə izah edib: "Hesab edirəm ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündə də Zəngəzur dəhlizinin açılması, Azərbaycanın işğal altında olan, xüsusilə, Qazaxın kəndlərinin qaytarılması məsələsi, eləcə də bu gün erməni seperatçılarının nəzarətində olan və Rusiya sülhməramlıların qoruduğu ərazilərin tədricən Azərbaycanın nəzarətinə verilməsi və sərhədlərin demarkasiyası məsələsi müzakirə oluna bilər.

Biz danışıqlar predmetini konkret müddəalarla şərtləndirməliyik. Hesab edirəm ki, 30 illik danışıqlardan nəticə çıxarmalıyıq. Danışıqlar prosesinin ermənilər tərəfindən uzadılmasına və dünya ictimaiyyətininin aldadılmasına imkan verməməliyik. Yuxarıda qeyd etdiyim məslələr Azərbaycan tərfindən irəli sürüləcək müddəalardır. Bu müddəaların da həyata keçirilməsi üçün konkret vaxt tələb olunmalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə