Prezident: "Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir" ŞƏRH
"Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub". Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.
"Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan 1992-ci ildə Xocalı soyqırımı törədib, 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib. Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan həmçinin, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib».
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alırdı: «Bu hərbi cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Ermənistanın Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb”.
“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib”
Azərbaycan Prezidenti müraciətində Ermənistanın bütün bu əməllərinin müharibə və insanlıq əleyhinə cinayətlər olduğunu deyib: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib. Hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfə verəcək. Hesab edirəm ki, bugünkü iclasda Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsi regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək”.
Bu gün terrorçu və işğalçı Ermənistanın barbarlığı, vandallığı heç təəccüb də doğurmur. Çünki terrorçu Ermənistan bütün dünyada işğalçılıq siyasəti ilə qəbul edilir. Azərbaycan isə həmişə haqq və ədalətin bərpası uğrunda mübarizə aparıb.
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı İkinci Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunması barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
9 noyabr - Qarabağ münaqişəsi bitdi
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Noyabrın 9-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
Noyabrın 9-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürdü ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Həmçinin, bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin olunacaq. Eyni zamanda, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq. Ancaq bu günə kimi, işğalçı Ermənistan bu bəyanata əməl etmir.
Bəyanatda Dağlıq Qarabağa hər hansı statusun verilməsi ilə bağlı bir söz də yazılmayıb və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Lakin bu gün də Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. Əslində, Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası ən çox Ermənistana lazımdır.
Prezident İlham Əliyevin dediyi kimi: “Bizim itirəcəyimiz heç nə yoxdur. Zaman bizim xeyrimizə işləyir. Azərbaycan hər gün gücünə güc qatır. Ona görə də Ermənistan bütün spekulyasiyaları kənara qoymalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Bir sözlə, Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB