Nə zamandan Elçibəyçi oldun Əli İnsanov? TƏRS BAXIŞ

Nə zamandan Elçibəyçi oldun Əli İnsanov? TƏRS BAXIŞ

Ənənəvi müxalifət HƏP sədrinə dəstək əli uzatmayacaq

Əqidə dəyişən şəxsə etibar etmək olmaz, çünki beləsi əqidənin nə olduğunu əsla anlaya bilməz. Bu, danılmaz aksiomadır. Bəli, müəyyən küskünlüklər, incikliklər, hər hansı bir əks fikirlər yarana bilər, amma bu, o demək deyil ki, dərhal, düşünmədən əqidə dəyişkənliyinə əl atasan. Yəni kim ki, nə zamansa öz şəxsi və ya fərdi mənfəətləri (!) naminə əqidəsini dəyişirsə, bir gün açdığı növbəti qapını da çöldən bağlayıb digər qapıya doğru yüyürəcək. Ona etibar və etimad göstərənləri isə pis vəziyyətdə qoyacaq. Hətta əlinə imkan düşərsə, çörək verən əli belə dibindən kəsməyə hazır olacaq. Bu günə qədər hakimiyyətin etibar etdiyi belə adamlar az olmayıb və onlardan biri də yenicə qeydiyyatdan keçmiş Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovdur. Uzun illər nazir vəzifəsini icra edən bu şəxsin keyfiyyətləri barəsində hələ o zamanlar bir dənə də olsa müsbət fikirlər səslənmirdi. Onun qabalığı, mənəm-mənəmliyi, ictimai yerlərdə, tədbirlərdə sərgilədiyi davranışları, xüsusilə, media mənsublarına qarşı məlum münasibətləri də unudulmayıb. Və ən əsası, bu adamın ona göstərilən yüksək etimad və etibardan sui-istifadə edərək çevriliş cəhdində bulunması əsla yaddan çıxası məsələ deyil. Beləliklə, tarix silinəsi deyil. Amma ki...

Əli İnsanovun sonda ölməli olacaq ümidi elə əvvəlcədən öz canını tapşırıb...

Məsələ ondadır ki, həbsxanadan çıxar-çıxmaz hakimiyyətin humanistliyinə deyil, nədənsə (?!) Amerikaya təşəkkür edən, Qərbə minnətdarlıq bildirən Əli İnsanov dərhal özünü “müxalifətin lideri” kimi təqdim etdi, üstəlik, partiya da yaratdı. Bu gün onun sədri olduğu HƏP-inin hansı hap-goplardan çıxaraq oyunbazlıqlar nümayiş etdirməsi isə sadəcə süni, quru və təsirsiz görünür. Necə deyərlər, hər şeyin də öz vaxtı var və İnsanovun müxalifət partiyası yaradıb bundan sonra qalan üç-beş illik ömrünü “hakimiyyətə yiyələnmək” məqsədinə sərf etməsi də inandırıcı görünmür. Hətta belə desək, əgər ümid sonda ölürsə, Əli İnsanovun ümidi elə əvvəlcədən öz canını tapşırıb, mövcud vəziyyətdə isə hər şey göz önündədir.

İndi o öz partiyasının qərargahında vurhavurla qəbullar keçirir, digər müxalifət partiyaları ilə guya (!) səmimi söhbətlər aparır, demək istəyir ki, mən də varam və s. Fəqət varmı, yoxmu? Bunu da qısa zaman kəsiyi göstərəcək.

Ancaq bu arada diqqət çəkən məqam da var və əslində, rubrikanın mözusu da həmin məqama aiddir.

Mərhum Elçibəy də bunu sağ ikən bilsəydi...

Əli İnsanov öz ofisində Müsavat Partiyasının sədri Arif Hacılını qəbul edib və görüş haqqında yayılan fotolar ortaya maraqlı mövzu çıxarıb. Təqdim etdiyimiz fotolardan da məlum olur ki, yenicə qeydə alınmış HƏP sədri özünün otağında Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretlərini asıb – yəni dönüb olub “Rəsulzadə yolu ilə gedən Elçibəyçi”. Heyif, əgər dahi Rəsulzadə bilsəydi ki, nə vaxtsa Əli İnsanov kimi bir əqidəsini satmışın kabinetində onun portreti asılacaq... Və ya mərhum Elçibəy də bunu sağ ikən bilsəydi...

Nə deyəsən? Həyat görün necə hadisələri bizlərin qarşısına çıxarır. Nazir olarkən hər çıxışında bu iki şəxsiyyətləri düşmən sayan, onlara olan münasibətini də hər zaman düşməncəsinə ifadə edən HƏP sədri indi onların portretlərini asıb başı üzərindən, niyə əcəba? Bu sualın da cavabı bəllidir: o özünə məhz ənənəvi müxalifət cinahından dəstək axtarmağa başlayıb, çünki yaxşı bilir ki, müxalifətdə olmayan heç kim ona dəstək göstərməyəcək. Heç müxalifətin üzdə olan partiyaları da HƏP-ə tərəf dəstək əli uzatmayacaqlar - nə Müsavat, nə AXCP, nə VİP, nə ADP, nə KXCP, nə Ümid, nə AMİP nə də digərləri. Onlar da Əli İnsanovun kim və nə olduğunu çox yaxşı bilirlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə