“Zəngəzur nəqliyyat dəhlizi mütləq açılacaq” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağa olan növbəti səfəri Zəngəzur nəqliyyat dəhlizinin bünövrəsinin qoyulması və Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə əlamətdar oldu. Zəngəzur nəqliyyat dəhlizinin açılışı ilə bağlı məsələlər keçən il noyabrın 10-da Moskvada keçirilən üçtərəfli görüşdə müzakirə olunmuş və müvafiq razılıqlar əldə olunmuşdur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, istifadəyə veriləcək dəhliz Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında birbaşa quru əlaqələrinin qurulmasına şərait yaratmaqla, perspektivdə həm də Azərbaycanı Türkiyə ilə daha sıx bağlayacaq: “Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması və nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Qərb və Şərq arasında daşınmaların intensivliyinə təsir göstərməklə bölgə vasitəsilə həyata keçirilən yük və sərnişin daşınmalarının rentabelliyini artıracaq, regionun geosiyasi və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında bu səpkili layihələrin həyata keçirilməsinə öz müsbət töhfəsini verəcək. Bölgəyə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması kimi amillər də nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə gündəmə gələcək. Heç şübhəsiz ki, bütün bunlar xalqımız və ordumuzun ötən il Ali Baş Komandanın rəhbərliyi altında Ermənistana qarşı apardığımız 44 günlük savaşdakı qələbəmiz və bu qələbənin regionda doğurmuş olduğu yeni geosiyasi reallıqla bağlı olmuşdur”.
E.Manafov onu da qeyd etdi ki, Azərbaycan bölgənin lider dövləti olduğunu bu savaşla bir daha sübut etdi: “Region dövlətlərinin siyasi rəhbərliyi ilə aparılan danışıqlar, ikitərəfli və çoxtərəfli münasibətlərin uğurla inkişaf etdirilməsi bu səpkili layihələrin reallaşmasında təməl rolunu oynayıb. Nəqliyyat dəhlizlərinin açılmasında Rusiyanın da ciddi maraqlarının olması nəzərə alınarsa, regionda əsas tərəflər arasında konstruktiv əməkdaşlığın davam etdiriləcəyi və genişləndiriləcək halda bölgədə yaxın perspektivdə təhlükəsizliyin və qarşılıqlı etimadın da bərqərar olacağı şübhə doğurmur. Ermənistanda bu layihələrə müqavimət göstərmək istəyən millətçi siyasi dairələrin cəhdlərinə rəğmən dəhliz açılacaq. Region uğrunda geosiyasi qarşıdurma isə mahiyyət etibarı ilə yeni mərhələyə daxil olacaq. ABŞ-ın Rusiyanı 3+3 formatındakı layihədən kənarda qoymaq istəyi bundan xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB