Tevos Arşakyan: “Biz 30 il ərzində orada, hətta normal yollar çəkə bilməmişik”
“Bu gün ermənilərdə heç nə qalmayıb – nə döyüş qabiliyyətli ordu, nə “artsax”, nə də yaşamaq istədiyimiz Ermənistanın özü. Hər şeydə biz özümüz günahkarıq və bu gün hiddətlənirik ki, başımıza gələnlər niyə və necə baş verdi”.
SİA xəbər verir ki, bu fikirlərlə Ermənistanın armenianreport saytının siyasi şərhçisi Tevos Arşakyan çıxış edib.
“Artıq Füzulidəki hava limanı da hazırdır”
O, Azərbaycanın uğur və qələbəsinə həsəd etdiyini gizlətmir və bildirir ki, erməni xalqı da Azərbaycana heyranlıqla baxır: “Bütün erməni xalqı Azərbaycana və onun fəaliyyətinə qibtə ilə baxır. Bəli, azərbaycanlılar qollarını çırmayaraq, paxıllıq ediləcək şəkildə enerji ilə Qarabağı mənimsəməyə atılıblar. Artıq Füzulidəki hava limanı da hazırdır, onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Təqribən bir il əvvəl bir erməni olsa belə bunu təsəvvürünə gətirə bilməzdi, hansı ki, “artsaxdakı status-kvo” bizə keçilməz görünürdü. Və bizə elə gəlirdi ki, bu, əbədi olacaq”.
“Əvvəlcə Koçaryanın quldur dəstəsi, sonra Qukasyanın və Saakyanın və bunu Arutyunyan başa çatdırdı”
Arşakyan mənsub olduğu xalqın səhvlərini incələyərək yazır ki, ermənilər köklü şəkildə doğru yanaşmalar etməyiblər. “Hər şeydən əvvəl ermənilərin özləri-özlərindən soruşmalıydılar: biz “artsaxın” çiçəklənməsi və qorunması naminə nə etmişik? Biz 30 il ərzində orada, hətta normal yollar çəkə bilməmişik. Bu illər ərzində heç nə edilməyib”, yazan erməni siyasi şərhçisi bütün bunların yerinə tanınmayan separatçı qurumun saxta “prezidentlərinin” oğurluqla, talançılıqla məşğul olduqlarını xatırladıb və etiraf edib: “Hər şey oğurlanırdı. Əvvəlcə Koçaryanın quldur dəstəsi, sonra Qukasyanın və Saakyanın və bunu Arutyunyan başa çatdırdı”.
“İndi isə dil-dodağımızı gəmirə-gəmirə, paxıllıqla orada azərbaycanlıların nə etdiklərinə baxırıq”
Tevos Arşakyan əlavə edir ki, hətta Ermənistanın özündə belə Qarabağda baş verənlər, oradakı insanların taleləri maraqsız idi və İrəvan heç nəyi vecinə almırdı.
“2020-ci ilin sentyabrında insanların sayı minimuma endi. Onlar “artsaxı” yaxşı həyat və qazanc əldə etmək üçün, sadəcə, tərk edirdilər. Kimi Ermənistana geri qayıdır, kimi də Rusiyaya, ya da Qərbə doğru gedir”, yazan siyasi şərhçi daha bir etirafı da edib: “Biz, ermənilər “artsaxı” hələ müharibəyə qədər itirmişdik. Ona görə ki, bizə Qarabağ lazım deyildi. İndi isə dil-dodağımızı gəmirə-gəmirə, paxıllıqla orada azərbaycanlıların nə etdiklərinə baxırıq. Lakin biz hələ çox gəmirəcəyik, ona görə ki, biz məğlub olmuşuq”, deyə armenianreportun analitik yazarı qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB