"Füzuli hava limanı hərbi məqsədlər üçün çox əhəmiyyətlidir" - DEPUTAT ŞƏRH ETDİ

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava limanının açılışının edilməsi müasir Azərbaycan tarixində unudulmaz səhifə açıb. Türkiyə Prezidentinin birbaşa Füzuli limanına eniş etməsinin böyük siyasi əhəmiyyəti var. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunun bir mesajıdır. Təbii ki, Türkiyənin həm müharibə dövründə, həm də azad olunmuş ərazilərin yenidən qurulmasında yanımızda olması bizə güc verir və bölgəyə sülh gətirir. Türkiyə Prezidentinin bəyanatında "Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanın gücü" deməsi qələbəmizə şübhə ilə baxan iti caynaqlara bir mesajdır. Prezident Ərdoğanın mesajları Azərbaycanın həm qələbəsinin, həm də müharibədən sonra qələbənin möhkəmləndirilməsinə yeni güc verir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı Qarabağdan dünyaya açılan hava qapımızdır və iqtisadi əhəmiyyəti çox böyükdür: “İlk növbədə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası müasir texnologiyalara əsaslanaraq inşa edilir. Müasir texnologiyalar da əsasən xaricdən idxal edilir. Füzuli hava limanının açılışından sonra işğaldan azad olunmuş ərazilərə təyinatlı yüklərin Bakıya gətirilərək daşınmasına ehtiyac qalmayacaq. Bu yüklərin birbaşa Qarabağa gətirilməsi həm vaxt itkisinin, həm də əlavə xərclərin yaranmasının qarşısını alacaqdır. Qarabağ iqtisadi rayonunun böyük iqtisadi potensialı vardır. Burada yeni müəssisələr qurularaq istehsal sahələri ərsəyə gələndən sonra malların ixrac edilməsində Füzuli hava limanının böyük əhəmiyyəti olacaq, həmçinin Füzuli hava limanı yerli sakinlərin Qarabağa səfərini asanlaşdıracaqdır. Həm də işğaldan azad olunmuş ərazilərdə memorial komplekslərin tikilməsi, mədəniyyət və tarixi abidələrin bərpa olunması həmin ərazilərin turizm potensialını artırır ki, bu da xarici turistlərin birbaşa Qarabağa gəlməsini asanlaşdıracaqdır. Füzuli hava limanı hərbi məqsədlər üçün də əhəmiyyətlidir. Müasir ordular uçan aparatlarla və hava nəqliyyatı ilə təchiz olunur. 44 günlük Vətən müharibəsində uçan aparatların müharibədəki rolunu bütün dünya gördü. Yəni, hava limanının işğaldan azad olunmuş ərazilərdə inşa edilməsi burda PUA-ların uçuş məsafəsini qısaldacaq və təyinatı üzrə uçuşların daha az vaxtda həyata keçirilməsinə imkan verəcəkdir”.

A.Badamov vurğulayıb ki, Füzuli hava limanının 8 ayda inşa edilməsi həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir: “Heç bir xarici mənbədən yardım və ya kredit almadan müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə böyük maliyyə tutumlu layihələr icra etməyimiz Prezident İlham Əliyevin iqtisadi siyasətinin uğurudur. Tezliklə Zəngilan və Laçın hava limanları da tikiləcək, yaşayış məntəqələri müasir şəkildə inşa edilərək qaçqınlarımız da öz yurdlarına qayıdacaqlar. Bu həm də Azərbaycanın gələcəyə baxışlarının və niyyətinin ifadəsidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə