"Füzuli rayonunun gələcəkdə bölgədə oynayacağı rol nəzərə alınıb" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Füzuli rayonu önəmli bir bölgədə yerləşir. Əvvəla, nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin keçəcəyi əsas ərazi Füzuli rayonudur. Həm də bu rayon Zəngilana, Cəbrayıla yaxın olan bir ərazidədir. Digər tərəfdən reliyef baxımdan uçuşların həyata keçirilməsi üçün əlverişli bir bölgədir. Mahiyyət etibarı ilə əgər Laçın və Zəngilan hava limanları hazır olduqdan sonra hava şəraitindən asılı olaraq məsələn Laçın hava limanına gələcəkdə eniş problemləri yaranarsa, bu problem Füzuli hava limanına eniş edilməklə həll oluna bilər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, mahiyyət etibarı ilə ən vacib məsələlərdən biri Füzuli rayonunun Zəngəzur dəhlizinə yaxın məsafədə olması və ərazidən keçən yollar, digər tərəfdən Qarabağın digər əraziləri ilə həmçinin, respublikamızın Qarabağla həmsərhəd inzibati bölgələri ilə daha yaxın məsafədə yerləşməsidir ki, bu da mahiyyət etibarilə həmin ərazidən yük daşınması, sərnişin daşımalarının həyata keçirilməsi üçün əlverişli xarakter daşıyır.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Digər tərəfdən Füzuli rayonu bölgədəki digər ərazilərə nisbətən daha az minalanmış ərazilərə malik idi. Bu aspekt də görünür ki, müəyyən qədər rol oynayıb. Başqa bir səbəb Füzulinin Horadiz qəsəbəsinin vaxtı ilə işğaldan azad edilməsi faktorudur. Bu qəsəbədə müəyyən infrastrukturlar yaradılmışdı. Həyat var idi. İnsanlar burada yaşayırdılar. Bu baxımdan Füzuli hava limanında həyata keçirilən işlərin qısa bir zamanda görülməsi üçün müvafiq qaydada yüklərin daşınması, vaxtı ilə əlaqəsi qırılmış yol infrastrukturunun bərpa edilməsi və bu infrastruktur vasitəsi ilə hava limanının tikintisində istifadə olunacaq inşaat materiallarının daşınması düşünürəm ki, daha asan həyata keçirilirdi. Çünki hava limanı hazır olmadığı üçün həmin ərazilərə hava yolu ilə yük daşınması mümkün deyildi. O baxımdan düşünürəm ki, daha əlverişli avtomobil yolları vasitəsi ilə bunun həyata keçirilməsinə ehtiyac var idi. Ola bilsin ki, səbəblərdən biri bu olub. Seçim mahiyyət etibarı ilə düşünürəm ki, təsadüfi deyil. Eyni zamanda Füzuli rayonunun gələcəkdə bölgədə oynayacağı rol nəzərə alınıb. Çünki bütövlükdə Qarabağın yenidənqurulması, bərpası prosesinə strateji baxış var. Bu strateji baxış tək Azərbaycan ilə bağlı deyil. Həmiçinin, Türkiyə ilə bütövlükdə türk dünyası ilə iqtisadi əlaqələrin inkişafı, eyni zamanda bölgə dövlətləri ilə iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir. Strategiyanın təməlində Qarabağın daha böyük bir subregionun iqtisadi mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur. Bu prosesinin Füzuli rayonundan başlayaraq həyata keçirilməsi bu aspektlər səbəbindən əlverişli ola bilər.`

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə