Ağdaş rayonunda şəhid Anar İsrəfilovun ildönümü qeyd olunub

Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonu Orta Ləki kənd sakini İsrəfilov Anar İsrəfil oğlunun ildönümü qeyd olunub. Bununla əlaqədar şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı kənddə mərasim keçirilib. Şəhidin xatirə lövhəsinin önündən başlayan mərasimdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçdiyi qısa və şərəfli ömür yolundan danışılıb. Orta Ləki kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib. Sonra şəhidin Yuxarı Ləki kənd qəbiristanlığındakı məzarı və ailəsinin yaşadığı ev ziyarət edilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, valideynlərinə başsağlığı verilib. İsrəfilov Anar İsrəfil oğlu 4 yanvar 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yollanan Anar İsrəfilov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuş, oktyabrın 26-da Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfatından bir müddət sonra Anarın oğlu dünyaya gəlmiş və körpəyə atasının adı verilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə