"Azərbaycan və Türkiyə regionun lider ölkələridir" - ŞƏRH EDİLDİ

“Bildiyimiz kimi cənab Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın il ərzində dördüncü dəfə görüşləri baş tutur. Dünyanın heç bir prezidentləri pandemiya dövründə bu cür sıx görüşlər keçirməmişdir. Bu da iki ölkənin dostluq, qardaşlıq münasibətlərinin qurulmasından irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin tərəfdaş, dost ölkə başçılarından daha artıq olan qardaşlıq münasibətləri var. Azərbaycan Respublikasının tarixi ərazisi olan Füzulidə beynəlxalq hava limanının açılış mərasimi baş tutdu və burada qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Burada bir nüans diqqəti çəkdi. Qarabağın açarları cənab Prezident İlham Əliyevə və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana təqdim olundu. Bu açarların çox böyük rəmzi mənası var. Bu açarlar həm Qarabağın, həm də regionun açarlarıdır. Bu gün Azərbaycan və Türkiyə elə bir müttəfiqlik, dostluq, qardaşlıq, əməkdaşlıq münasibətləri qurub ki, nəinki Azərbaycan və Türkiyəni, eyni zamanda regionu maraqlandıran münasibətlərdir. Bu gün artıq regionda baş verən bütün proseslərə Azərbaycan və Türkiyənin mütləq şəkildə daxil olması lazımdır. Onların müdaxiləsi, iştirakı vacibdir. Hesab edirəm ki, Türkiyə Prezidentinin Azərbaycana səfər etməsi tərəfdaş ölkələr baxımından əhəmiyyətli olmağı ilə bərabər, eyni zamanda bu bir qardaşlıq səfəridir. Füzulidə beynəlxalq hava limanının açılması nəinki Azərbaycan ilə Türkiyəni, eyni zamanda regionda gedən prosesləri dəyişdi. Ümumiyyətlə bu gün Azərbaycan müharibədən çıxmış bir ölkə olaraq bu cür böyük infrastruktur layihələri həyata keçirməklə deyərdim ki, dünyaya meydan oxuyur”.

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, artıq bugündən etibarən erməni və onun havadarları Qarabağla bağlı olan xülyalarından, nağıllarından əl çəkəcəklər: “Onlar mövcud vəziyyətlə barışmaqla başa düşəcəklər ki, Qarabağ və onun ətraf əraziləri öz sahiblərinə verilib. Azərbaycan və Türkiyə regionun lider ölkələridir və heç bir dövlət onları bu yolundan döndərə bilməz. Hesab edirəm ki, digər ölkələrdə gedən proseslərdə də Qarabağda və onun ətraf ərazilərində gedən proseslər nümunə götürüləcək. Türkiyə prezidentinin Azərbaycana olan səfəri tarixi səfərdir. Eyni zamanda Füzuli beynəlxalq hava limanının açılış mərasimində həm cənab Prezident İlham Əliyevə, həm də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana verilən açarlar nəinki Qarabağ, həmçinin regionun açarlarıdır. Bununla birlikdə onlar artıq bütün dünyaya regionda lider olduqlarını sübut etdilər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə