Prezident İlham Əliyev: “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik” TƏHLİL

Prezident İlham Əliyev: “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik” TƏHLİL

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Şanlı Azərbaycan ordusu təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad etdi. Bu tarixi qələbə, həmçinin, Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırdı. Məhz Azərbaycanın uğurlu diplomatik siyasəti və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə Cənubi Qafqazı əvvəlkindən daha təhlükəsiz regiona çevirmişdi. Müharibənin davam etdiyi 44 gün ərzində beynəlxalq hüquq hər zaman haqlı olan tərəfdə, yəni Azərbaycanın yanında olmuşdur. Xüsusilə, iri dövlətlərin bizi dəstəkləməsi, həmçinin Ermənistanın himayədarı kimi çıxış edən bəzi dövlətlərin Azərbaycana göstərdiyi ədalətsiz təzyiqlərin uğursuz olmasının bir neçə səbəbi var idi. Buna nail olmaq üçün Azərbaycan çox uzun və çətin bir yol qət etmişdi. Başda dövlət başçısı cənab prezident İlham Əliyev olmaqla, Azərbaycanın hökumət nümayəndələri və diplomatları hər zaman siyasi arenalarda beynəlxalq ictimaiyyəti Ermənistanı münaqişənin təcavüzkar tərəfi olduğuna və onun region üçün böyük təhdid olduğuna inandıra bilmişdi. Eyni zamanda, informasiya müharibəsinin düzgün təşkilidə əsas və həlledici amillərdən biri idi. Müharibə dövründə dövlət başçısı müxtəlif ölkələrdən olan media nümayəndələrinə və mətbuat orqanlarına müsahibələr vermişdi. Prezident İlham Əliyev müsahibələrində dəfələrlə Azərbaycanın öz torpaqlarında vuruşduğunu, bizim işimizin haqq işi olduğunu və tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, artıq dünyada “güclüsənsə, haqlısan” məntiqi hökm sürür. Buna əsasən əminliklə deyə bilərik ki, Azərbaycanın son dövrlərdəki sürətli sosial-iqtisadi və siyasi inkişafı, güclü ordu təchizatı dünya ölkələrini ədalətsiz mövqe göstərməkdən çəkindirmiş və bizi dəstəkləməyə məcbur etmişdir.

Azərbaycanın daxili və xarici siyasətdə qazandığı bütün uğurların kökündə xalq-iqtidar birliyi dayanır

Bəli, İkinci Vətən müharibəsində qazanılan qələbə bir faktı da sübut etdi ki, ümumilli lider Heydər Əliyevin davam etdirdiyi xalq-iqtidar birliyi Prezident İlham Əliyev davam etdirməkdədir. Çünki Azərbaycan münaqişə başladığı gündən problemin sülh yolu ilə həllinə çalışırdı. Lakin BMT, ATƏT və s. kimi bir sıra beynəlxalq təşkilatların dırnaqarası sülh yaratmaq cəhdləri mənasız xarakter daşımışdır. Xüsusilə də, ATƏT-in Minsk qrupunun işğalçı ölkənin qanunsuz fəaliyyəti ilə bağlı qəti addımlar ata bilməməsi bu qurumun lazımsız olduğunu dəfələrlə nümayiş etdirdi. Belə ki, 2020-ci il iyulun 12-də düşmən ölkənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə-Tovuz istiqamətində əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən 3 ay ərzində susan ATƏT-in Minsk qrupu birdən-birə Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmağa başlamışdır. Lakin 44 günlük müharibə BMT-nin bu sənədlərin lazımsız kağızdan başqa heç bir rol oynamadığını açıq-aşkar göstərirdi. Bir sözlə bugünkü reallıq sübut etdi ki, Azərbaycanın öz topraqlarını işğaldan azad etmək üçün heç bir dövlətin və yaxud da beynəlxalq qurumun köməyinə ehtiyacı yoxdur, çünki bizim kifayət qədər güclü ordumuz, cəsur əsgər və zabitlərimiz var. Məhz bunun nəticəsidir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış əfsanəni cəmi 44 gün ərzində məhv etdi. Bu zəfərli qələbə bütün beynəlxalq qurumları və xarici qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur etdi. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və sübut olundu ki, Qarabağla bağlı heç bir qurum və ya heç bir dövlət Azərbaycanın razılığı olmadan qərar qəbul edə bilməz!!!

Bir sözlə, Azərbaycanın daxili və xarici siyasətdə qazandığı bütün uğurların kökündə xalq-iqtidar birliyi dayanır.

“Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir”

“Erməni faşizmi məhv edilib”,-deyən Prezident İlham Əliyev görüşlərdə dəfələrlə vurğulayıb ki, müharibə başa çatan kimi bütün işlərə start verilib: “Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb”.

“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”. Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. Dövlət başçısı bildirb ki, biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik: “Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır bunların müzəffər ordusu? Haradadır yenilməz erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı”.

Dövlətimizin başçısı deyib ki, Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, belə dibdən-kökdən məhv etmişik: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”.

“Dəmir yumruq”: Xalqın birlik, güc rəmzi

Bir sözlə, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Prezidentimizin çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində dediyi kimi: “Bu yumruq elə-belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə