"Harada olursunuzsa olun, heç vaxt Vətəninizi unutmayın" - LVOV VİLAYƏTİ ÜZRƏ SƏDRLƏ MÜSAHİBƏ

Hal-hazırda diaspor təşkilatlarının fəaliyyətinə geniş ehtiyac duyulduğu, məhz həmin səbəbdən də bu sahədə mühüm addımlar atıldığı günün reallığıdır və həqiqətən də əhəmiyyəti olduqca böyükdür. Əvvəla, ölkəmizin haqlı, ədalətli mövqeyinin bütün dünyaya çatdırılması və bütün dünya azərbaycanlılarının birliyi naminə bu fəaliyyət çox önəmlidir. Digər tərəfdən də bütün soydaşlarımızın maraqlarının bütün dünyada müdafiə edilməsi üçün sözün əsl mənasında bu çox əhəmiyyətlidir.

Ukraynada çoxlu sayda soydaşlarımızın, həmvətənlərimizin yaşadığı, eləcə də orada diaspor təşkilatı barədə məlumatımız var. Amma, hər bir halda bu barədə daha geniş məlumat əldə etmək hər zaman dəyərlidir. Nəzərə çatdıraq ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Lvov vilayəti üzrə sədri Teymur Məmmədov SİA-ya müsahibə verib. Bu müsahibəni olduğu kimi geniş oxucu kütləsinin diqqətinə çatdırırıq:

- Teymur müəllim, bu günə qədər Azərbaycan diasporunun fəaliyyətinin əsasını Azərbaycanın haqq səsini, həqiqətlərinin dünyaya çatdırılması təşkil edirdi. Bəs bundan sonra diasporumuzun fəaliyyəti necə olacaq?

- Lvovda və vilayətdə diasporun əsas fəaliyyəti həmişə olduğu kimi, bütün sahələrdə dostluq əlaqələrinin möhkəmləndirilməsinə, soydaşlarımızın regionda rahat yaşayışını təmin etmək üçün onların hüquq və mənafelərinin qorunmasına əsaslanır. Bir çox təşəbbüslər milli kimliyin, adət-ənənələrin və mədəni irsin qorunub saxlanması üçün diasporun potensialından istifadəyə yönəlib. Ana dilinin və mədəniyyətinin qorunması diaspora fəaliyyətinin əsas komponentlərindən biri olaraq qalır. Həmçinin, işlərin heç də az olmayan bir hissəsi də bütün icra və dövlət orqanlarının nümayəndələri ilə sıx əməkdaşlığa, şəhərin həyatında fəal iştiraka yönəlib. Bununla belə, hər bir bölgənin özünəməxsus tendensiyaları və təcrübələri var. İşlərin böyük hissəsi digər dövlətlərin bölgədə yaşayan diaspor təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq və dostluq əlaqələrini gücləndirmək məqsədi daşıyır.

- Diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün daha hansı addımlara zərurət var?

- Diasporumuzun fəaliyyətini gücləndirəcək bütün addımları biz operativ, tez bir zamanda həyata keçirməyə, vətənimizdə və Ukraynada baş verən bütün prosesləri həmişə izləməyə çalışırıq və əlbəttə ki, inkişafının tələb etdiyi kimi işimizi konstruktiv şəkildə modernləşdiririk və inkişaf etdiririk. İlk növbədə regionun dövlət və icra strukturları diaspor təşkilatları ilə əməkdaşlıq etməlidirlər. Regionumuzda bu əməkdaşlıq qurulub, yaradılıb. Biz, Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, Ukrayna Azərbaycanlıları Radası, Lvov Şəhər Şurası, Lvov Vilayət Şurası, Lvov Vilayət Adminstrasiyası (LVA) Mədəniyyət, Millətlər və Dinlər İdarəsi, Lvov Şəhər Soveti (LŞS) Turizm Departamenti, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edirik. Diasporumuzun nümayəndəsi Lvov vilayət administrasiyasında millətlərlə iş üzrə komitənin üzvüdür. Layihələrimizin əksəriyyəti öz dəstəyini tapır, dəstəklənir. Hökumət rəsmiləri tədbirlərimizdə tez-tez qonaq olurlar.

- Azərbaycan diasporunun aktiv olduğu ölkələrdən biri də Ukrayna hesab edilir. Ümumiyyətlə, bu ölkədə diasporumuzun hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Diasporun işi çox aktivdir. Bu, təkcə onun milli özünəməxsusluğunun, kimliyinin qorunub saxlanılması və artırılması, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına deyil, həm də xeyriyyə yardımına yönəlib, çünki bir çox ölkələr kimi Ukrayna da pandemiyadan əziyyət çəkir. Bundan əlavə, diaspora təşkilatları Ukraynanın şərqindəki anti-terror əməliyyatında iştirak edən hərbçilərə, zərərçəkənlərə və ailələrinə, çoxuşaqlı ailələrin uşaqlarına və yetim uşaqlara, eləcə də qocalara kömək etmək üçün çalışır. Üstəlik, biz vətənimizi heç vaxt unutmuruq. Ötən il Azərbaycanda Vətən Müharibəsi dönəmində biz cəbhəyə gedən əsgərlərimizə ən zəruri ehtiyaclar şəklində humanitar yardım göndərdik və maddi yardım da “Yaşat” Fonduna göndərildi.

- Maraqlısı odur ki, diaspor daxilində ziddiyyətlər, parçalanma halları da daha çox Ukraynada müşahidə edilir. Sizcə, bunun başlıca səbəbi nədir?

- Təbii ki, hər bir təşkilatda olduğu kimi, hər bir ailədə də fikir ayrılığı olur, çünki hamımız insanıq və hər kəsin öz fikri var. Amma biz tez ortaq məxrəcə gəlirik, çünki burada bölüşəcək heç nə yoxdur və biz vətənimizin rifahı üçün birlikdə çalışmalıyıq.

- Teymur müəllim, hazırda Ukraynada gedən daxili prosesləri necə qiymətləndirirsiniz? Ölkə daxilində baş verən hadisələr burada yaşayan azərbaycanlıların gündəlik həyatı, Azərbaycan diasporunun fəaliyyətinə nə dərəcədə mənfi təsir göstərir?

- Hazırda təkcə Ukraynada deyil, bütün dünyada Covid-19 pandemiyası hökm sürür, burada üstəlik bir də əlavə anti-terror əməliyyatları və torpaqların işğalı ilə bağlı çətin vəziyyət var. Biz Prezidentimiz İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini dəstəkləyirik və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyinə görə Ukrayna prezidenti Vladimir Zelenskiyə səmimi minnətdarlığımızı bildiririk. Biz çox inanırıq ki, çox yaxın zamanda elə bir gün gələcək ki, Ukrayna da Azərbaycan kimi öz ərazilərini geri qaytara biləcək və güclü, müstəqil, suveren dövlət olduğunu bütün dünyaya sübut edəcək.

- Ukraynanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların fəaliyyətini koordinasiya etmək üçün hansı işlər görülür?

- İlk növbədə, bu işi rasionallaşdırmaq məqsədi ilə dialoqun genişləndirilməsidir. Bu, diaspor təşkilatları ilə dövlət qurumları arasında məlumat, plan, layihələrin mübadiləsi üçün şəbəkə məkanlarının dəstəyidir. Dialoqun aparılması, dəstəklənməsi diaspor haqqında daha çox məlumat əldə etməyə imkan verir. Bundan əlavə, müəyyən bir regional diaspora digər diaspor təşkilatları haqqında daha çox məlumat əldə edə bilər. Bu, potensial olaraq diaspor təşkilatları arasında yeni əməkdaşlığa və etnik vətənlə komunikasiyaların, ünsiyyətin effektivliyinin artırılmasına gətirib çıxara bilər, səbəb ola bilər. Həmçinin, Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ukraynadakı diaspor təşkilatları ilə sıx əlaqə yaratmaq üçün “Ukrayna Azərbaycanlıları Radası” yaradılıb.

- Ukraynada həmvətənlərimiz hansı problemlərlə daha tez-tez üzləşirlər? Onların həll olunması üçün hansı işlər görülür?

- Ukraynada soydaşlarımızın qarşılaşdıqları bir neçə problem var. İlk növbədə, bu, leqallaşdırma, qanuniləşdirmə məsələsidir. Belə ki, əcnəbilər Ukrayna ərazisində leqal olaraq 90 gündən çox olmayaraq qala bildikləri səbəbindən müvəqqəti və ya daimi “Yaşayış icazəsi” almalıdırlar, hansı ki bunun da alınması üçün müəyyən şərtlər var. Amma indiki halda isə, yəni, Covid-19 pandemiyasının tüğyan etdiyi vaxtda, müalicə, uçuşların ləğv edilməsi səbəbi ilə, sərhədləri vaxtında keçə bilmək sürətlənir. Həmçinin, iş vizası, “yaşayış icazəsi” kimi müvafiq sənədlər olmadan rəsmi olaraq işə düzələ bilməyən soydaşlarımız tez-tez məşğulluq problemi ilə üzləşirlər.

- Ukraynada azərbaycanlıların mətbuata çıxışı hansı səviyyədədir? Elektron və dövri mətbuat Azərbaycan barədə hansı mövqeyi tutur?

- Biz həm Ukraynanın, həm də Azərbaycanın müxtəlif nəşriyyatları və telekanalları ilə əməkdaşlıq edirik. Hər bir tədbirimiz bir çox kütkıvi informasiya vasitələrində işıqlandırılır. Diasporun işi ilə bağlı Azərbaycanda çoxlu məqalələr dərc olunur.

- Ukraynada yaşayan və yaxud bu ölkəyə gələn həmvətənlərimizə hansı tövsiyələr verərdiniz?

- Hər bir ölkənin öz gözəlliyi, hər bir mədəniyyətin öz zənginliyi var. İnsan, hansı məqsədlə olursa-olsun, nə qədər çox səyahət edirsə, dünyanı öyrənir və inkişaf edir. Amma harada olursunuzsa olun, heç vaxt kökünüzün olduğu, əcdadlarınızın yaşadığı yerləri, Vətəninizi unutmayın.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə