“Ermənilər dərk ediblər ki, ərazi bütövlüyümüzü tanımaqdan başqa yolları yoxdur” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan və Ermənistan liderlərinin noyabrın ilk ongünlüyündə keçiriləcək görüşü barədə Kremlə yaxın informasiya agentliyi məlumat yayıb. Erməni müxalifətinin dərhal həmin günlərdə mitinq keçirmək planını elan etməsi Ermənistan xarici işlər nazirliyinin sözçüsü V.Unanyanı məcbur etdi ki, bu xəbəri təkzib etsin və mətbuat katibi bəyan etdi ki, indiki zamanda belə bir görüş planlaşdırılmır. Ona dəstək verməyə çalışan Rusiya prezidentinin mətbuat katibi D.Peskov da bildirdi ki, belə bir sammitin keçirilməsi barədə razılıq olarsa, mütləq məlumat veriləcək”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, iki ölkə təmsilçilərinin verdikləri “təkzib”göstərdi ki, belə bir görüşün keçirilməsi barədə razılaşma var və həmin sammitdə mühüm razılaşmaların olması mümkündür: “İlk növbədə, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi barədə razılaşmanın imzalanmasına heç bir maneçilik yoxdur. Valday forumundakı çıxışında bu məsələyə toxunan V.Putin heç bir kənar qüvvəyə ehtiyac olmadığını və bu məsələni Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi ilə asanlıqla həll edəcəyini bildirdi. Bu məsələni Rusiyada saxlanılan SSRİ dövrünün xəritələri əsasında həll etməyin mümkünlüyündən danışan V.Putin problemin təcili həll olunmasında maraqlı olduqlarını birmənalı şəkildə bəyan etdi və regiona müdaxilə etməyə çalışan güc mərkəzlərinə-həm ABŞ-a, həm də Avropa birliyinə açıq şəkildə “sizə ehtiyacımız yoxdur”-dedi. Rusiyanın nikbinliyi təbii ki, əsassız deyil. Azərbaycan dəfələrlə bu problemin həllinə hazır olduğunu və hər iki ölkənin ərazi bütövlüyünün tanınması şərtilə sərhədlərin delimitasiya və demarkasiyasına heç bir maneənin olmadığını bəyan edib. Ancaq məhz bu məsələ uzun müddət Ermənistan üçün problem olub və N.Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımamaq üçün əlindən gələni edib. Ancaq ermənilər də nəhayət dərk ediblər ki, ərazi bütövlüyümüzü tanımaqdan başqa yolları yoxdur”.

A.Səmədov onu da bildirib ki, bütün cəhdlərə baxmayaraq Ermənistan hakimiyyəti nəqliyyat kommunikasiyalarının, ilk növbədə “Zəngəzur dəhlizi”nin açılması məsələsində də geriyə addım atmaq məcburiyyətində qaldı və bu barədə N.Paşinyan MDB sammitindəki çıxışında birmənalı bəyanat verdi: “Güman edirəm ki, Moskvada keçiriləcək görüşdə həm sərhədlərin müəyyənləşməsi, həm də kommunikasiyaların açılması istiqamətində real addımların atılmasına heç nə mane ola bilməyəcək. Bu sənədlərin imzalanması bizə hər iki respublika, ilk növbədə, Azərbaycan üçün müstəsna əhəmiyyətə malik olan “sülh sazişi”ni imzalamağa imkan verəcək və yalnız bundan sonra regionda dayanıqlı inkişafı təmin etmək mümkün olacaq. Sammitin elan olunduğu kimi noyabrın 9-da, yoxsa bir neçə gün tez və ya gec baş tutması isə həlledici əhəmiyyət daşımır”.

Gülyanə

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...