"Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq" - Naqif Həmzəyev

"Vətən müharibəsində işğaldan azad edilən rayon və şəhərlərimiz arasında Qubadlını da xüsusi qeyd etmək lazımdır. Qubadlı 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib. Azərbaycan ordusu 2020-ci ilin oktyabrın 25-də isə Qubadlını düşmən işğalından azad etdi, erməni terrorçularından təmizlədi. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayılın və Zəngilanın işğaldan azad edilməsi ordumuzun Qubadlı hüdudlarına gəlməsinə imkan yaratdı". SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi üçün Azərbaycan ordusu xüsusi əməliyyatlar keçirib: "Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Qubadlını azad etdi. Qubadlı uğrunda gedək döyüşlər zamanı 1 şəhər və 41 kənd azad edilib və bu qələbə düşmənin belini tamamilə qırıb. Növbəti uğurlarımızda-digər ərazilərin işğaldan azad edilməsində də Qubadlının azad edilməsinin böyük rolu olub. Biz şəhidlərə Allahdan rəhmət və qazilərə şəfa diləyirik. Ali Baş Komandan, Prezident İlham Əliyevə isə dərin minnətdarlığımızı bildiririk ki, bir il öncə bizə belə şərəfli tarix yaşatdı. 30 ilə yaxın işğalda saxlanılmış ərazilərin, o cümlədən Qubadlının da azad olunmasına nail olduq. Məhz bunun nəticəsidir ki, 25 oktyabr Qubadlının zəfər günü kimi tarixə yazılıb. Vətən müharibəsinin davam etdiyi 44 günün hər günü bizim üçün olduqca önəmlidir. Ümid edirik ki, regionda bir daha müharibə olmayacaq. Biz işğaldan azad edilmiş əraziləri ən qısa zamanda cənnət-məkana çevirəcək və keçmiş qaçqın və məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmalarına nail olacağıq". yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...