"Tehran başa düşür ki, bundan başqa çıxış yolu yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Çox sevindirici haldır ki, Tehranın addımlarından irəli gələn bu insident, bu diplomatik çəkişmə, ziddiyyətlər aradan götürülüb. Sözsüz ki, bu ilk növbədə hər iki dövlətin hamıdan da çox İranın və ümumilikdə desək, regionun maraqları üçün çox önəmlidir. Çünki İran tərəfi birmənalı şəkildə başa düşdü ki, danışıqlarda, bəyanatlarda, ümumiyyətlə münasibətdə belə ritorikanı seçmək Tehranın maraqlarına uyğun deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, çünki Azərbaycan artıq regionda yeni geosiyasi konfiqurasiyanı yaradan və onu şərtləndirən dövlətlərdən biridir: "Türkiyə və Rusiya da bu dövlətlərdəndir. Bu baxımdan İran meydanda yalnız qalmasın deyə son nəticədə bu addımı atmağa məcbur oldu. Çünki Rusiyanın Ermənistana təyziqi çox güclüdür və Ermənistan qərar verməkdə müstəqil deyil. Bir tərəfdən İran gördü ki, Ermənistan da artıq onu meydanda tək qoyur. Bu baxımdan da Tehran ritorikasını dəyişdi. Əslində indi Azərbaycanla İran arasındakı bu münasibətlər artıq dinc qonşuluq şəraitində və qarşılıqlı əməkdaşlıq yəni səmərəli əməkdaşlıq kontekstində inkişaf edəcək və bunun başqa yolu da yoxdur. Çünki “3+3” formatı bunu nəzərdə tutur. Konkret olaraq İran tərəfi başa düşür ki, əslində Azərbaycanın təklif etdiyi yol birbaşa beynəlxalq hüquq normaları çərçivəsində olan bir təklifdir. Bu baxımdan mən düşünürəm ki, əlbəttə İranla Azərbaycan arasında münasibətlər yenə öz normal məcrasına qayıdacaq. Burada iqtisadi əməkdaşlıqdan söhbət gedir, həm də regionda təhlükəsizliyin təmin olunması məsələsi ortada durursa, İran birmənalı şəkildə Azərbaycanın təklifləri ilə razılaşmalıdır. Çünki Azərbaycan əslində burda qeyri-adi yaxud da hüquq normalarından kənara çıxan heçnə təklif etmir. Əksinə başqaları bunu təklif edirlər. Azərbaycan isə əslində bütün münasibətləri həmin məcraya qaytarmağa çalışır.

Düşünürəm ki, dünyada onsuz da yalnız qalmış olan və güclü təzyiqlərlə, sanksiya rejmi ilə üzləşmiş İranın Azərbaycanın atdığı kömək əlini imtina etməyə haqqı çatmır və bunu etmək Tehran üçün bir şeydir. Çünki Tehran başa düşür ki, bundan başqa çıxış yolu yoxdur. Azərbaycan qədər bu regionda həm sabitliyin, sülhün tərəfdarı, həm də əməkdaşlıq tərəftarı olan ikinci bir dövlət yoxdur. İran tərəfi çox tezliklə bu insidentin yaddan çıxarılmasına, unudulmasına çalışacaq və Azərbaycanın etdiyi jestləri lazımınca qiymətləndirəcək".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə