“Bu faktor İranı geriyə addım atmağa məcbur elədi” - POLİTOLOQ ŞƏRH ETDİ

Bəli, son günlər İranla Azərbaycan arasında yaranan müsbət tendensiya və münasibtlərin nisbətən normala düşməsi Azərbaycanın haqlı tərəf olduğunu təsdiq edir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, İranla Azərbaycan arasında münasibtlərin nisbətən normala düşməsi Azərbaycanın həm diplomatik cəhətdən daha hazırlıqlı olduğunu, eyni zamanda beynəlxalq şərtlərin də Azərbaycanın xeyrinə işlədiyini açıq şəkildə göstərir.

“Birincisi, Azərbaycan öz ərazilərini işğaldan azad edib, uzun illər işğal altında qalmış torpaqlarını öz ərazisi daxilinə qatıbdır və burada Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə tam əməl edibdir. İkincisi, Azərbaycan İrana qarşı hərhansı bir ərazi iddiası etməyibdir, Azərbaycan İranla hər zaman mehriban qonşuluq, dostluq münasibətləri qurub və bu gün də o fikirdə qalır, bundan sonra da Azərbaycan həm qonşu, həm də region dövlətləri ilə mehriban münasibətləri göstərir. Üçüncüsü isə, regional şərtlər və region laktorları artıq İranı haqsız tərəf olaraq qəbul etdi və həm Türkiyədən, həm Rusiyadan, həm də digər region dövlətlərindən İrana qarşı bəzi təzyiqlər olundu və İranın haqsız olduğu üzünə deyildi. Bu Lavrovun Abdullahianla görüşündə də məlum oldu, Türkiyə tərəfin verdiyi bəyanatda da, Pakistanın İranla sərhəddə qoşun gətirməsində də və sair göstərildi.

Eyni zamanda Azərbaycan hər şeyi açıq şəkildə ortaya qoymaqla məsələni birincisi aydın elədi və bu bir daha onu göstərdi ki, Azərbaycan istər region dövlətləri, istər qonşu dövlətlər, istər dünyanın digər dövlətləri ilə dostluq, qonşuluq, mehriban müttəfiqlik münasibətləri saxlamağa çalışır, həmçinin İranla da. İran da vəziyyəti başa düşdü. Digər tərəfdən İran onu anladı ki, onun daxilində 30 milyondan çox, 40 milyona yaxın azərbaycanlı, Azərbaycan türkü yaşayır və bu faktor İranı geriyə addım atmağa məcbur elədi. Çünki, İran Azərbaycanla istənilən bir qarşıdurmaya gedərsə, bu, İranın dövlət olaraq sonunu gətirə, hətta İranın bir yox, bir neçə əraziyə parçalanmasına səbəb ola bilər. İran da bütün bu faktorları nəzərə alaraq atdığı addımlarda artıq aqressiya deyil, mülayim diplomatiya yoluna keçməyə başladı, Azərbaycanla normal münasibətlər son günlər məhz bu üzdən müşahidə olunur. Hesab edirəm ki, bundan sonra da artıq bu münasibət davam edəcək və İranla Azərbaycan arasında gərginlik yaşanmayacaq. Azərbaycanın haqlı olduğu hər kəsə məlum oldu və bundan sonra da olacaq”, deyə politoloq Samir Hümbətov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə