"İran öz mövqeyində yumşalmaya meyl göstərdi" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan elə bir dövlətdir ki, kimsə onunla təhdid dilində danışa bilməz və onun suverenliyini poza bilməz. Bu birmənalıdır". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, təəssüf ki, İran əvvəlki dövrdə Azərbaycana qarşı bir sıra ittihamlar, iddialar səsləndirdi: "Amma bunların heç bir əsası yox idi və hətta hərbi təlimlər keçirərək də Azərbaycana təzyiq etməyə cəhd etdi. Burada konkret olaraq bir məqam və bir məsələ var. Azərbaycan heç kimin onun daxili işlərinə qarışmasına imkan verməyəcək. Azərbaycan müstəqil, suveren bir ölkədir. Kimsə Azərbaycanı nədəsə ittiham edirsə, bununla bağlı konkret dəlil və fakt təqdim etməlidir. Bugünə kimi Azərbaycan tərəfinə heç bir fakt, dəlil təqdim edilməyib. İran özü də gördü ki, Azərbaycan öz mövqeyində qətiyyətlidir, prinsipialdır və öz mövqeyindən geri çəkilmək fikri yoxdur. Bu mənada İran öz mövqeyində müəyyən mənada yumşalmaya meyl göstərdi. Bilirsiniz ki, Azərbaycan tərəfi də bu məsələlərlə bağlı dəfələrlə öz mövqeyini bildirib ki, Azərbaycan qonşularla normal münasibət qurmaqda maraqlıdır. İnanırıq və ümid edirik ki, İran dövləti də bunu artıq anlayır və növbəti mərhələlərdə, günlərdə ikitərəfli əlaqələrdə yenidən bu yanlış metoda, üsluba üz tutmayacaq və Azərbaycana qarşı hansısa ittihamlar, iddialar səsləndirməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə