Şəhidlərimiz hər zaman milli yaddaşımızda əbədi yaşayacaqlar

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 günlük Vətən müharibəsində şəhid olan Zərdab rayon Gəlmə kənd sakini mayor Rəhim Qədir oğlu Hüseynovun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub. Şəhidin ildönümündə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, RİH-in başçısının müavinləri, YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova, bir qrup YAP üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi polkovnik-leytenant Asif Əhədov, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və kənd sakinləri rayonun Gəlmə kəndində şəhidlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra iştirakçılar şəhidin ailəsini ziyarət edərək, başsağlığı veriblər, tədbirdə çıxış edən, rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib. İcra hakimiyyətinin başçısı bildirib ki, bu gün Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı şəhid ailələrinə, qazilərə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar.

Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Hüseynov Rəhim Qədir oğlu 1984-cü ilin iyun ayının 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşdur. 1990-cı ildə Zərdab rayonunun M.F.Axundov adına Gəlmə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. Çexiya, Almaniya, Macarıstan, ABŞ, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Ruminiyada hərbi kurslarda iştirak etmişdir. NATO baş katibi tərəfindən ən yüksək medala layiq görülmüşdür. Uzun müddət Əfqanıstanda sülhməramlı qoşunların tərkibində tabor komandiri olaraq xidmət etmişdir. Rus, ingilis və erməni dillərini mükəmməl bilirdi. Xidmət etdiyi dövrlərdə bir çox döyüş medalları və fəxri adlarla təltif edilmişdir.

Rəhim Hüseynov 27 sentyabrda başlayan II Qarabağ – Vətən müharibəsi döyüşlərində qəhrəmancasına iştirak etmiş, oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid mayor Hüseynov Rəhim Qədir oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə və "Qarabağ" ordeni ilə təltif edilmişdir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...