Qubada şəhid Nuran Mirzəyevin məzarı ziyarət olunub ANIM

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhid olan Quba rayonunun Qımıl kəndinin sakini Mirzəyev Nuran Akif oğlunun ildönümü ilə əlaqədar ailəsi və Qımıl kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, şəhidimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edərək, qəhrəmanlıq göstərib. Qəfildən partlayan mina Nuranın həyatına son qoyub. Nuran Mirzəyev Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Qımıl kəndində Nuranın xatirəsi əbədiləşdirilərək, adına "Şəhid bulağı" kompleksi yaradılıb.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin əziz xatirəsini heç vaxt unutmayacaq. Onlar Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar. Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə