"Biz yeni hadisələrin daha tez şahidi olacağıq" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana gerçəkləşəcək səfəri regiondakı proseslərin gözləndiyindən daha sürətli getməsindən xəbər verir. Şəxsən mən cənab Ərdoğanın 8 noyabr qələbə günündə ölkəmizə səfər edəcəyini təxmin edirdim. Görünür ki, regional məsələrlə bağlı biz yeni hadisələrin daha tez şahidi olacağıq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu hadisələrin içərisinə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın regional əməkdaşlığı, Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələrinin bərpası, xüsusən iki ölkə arasında kommunikasiyaların bərpası, eləcə də Naxçıvanla korridor məsələsini daxil etmək olar ki, bu məsələlər qarşıdakı aylarda reallaşması gözlənilən məsələlərdir.

Bu barədə Vüqar Əhmədov fikrini belə izah edib: "Çox güman ki, bu məsələlər ətrafında müəyyən müsbət irəliləyişlər və qərarlar qəbul olunacaq. Ölkə başçısı cənab İlham Əliyevin son Zəngilan səfərində korridor məsələsinin yaxın gələcəkdə həyata keçirilməsinə toxunması da təsadüfi deyil. Digər tərəfdən Rusiya və Türkiyə prezidentlərinin bu yaxınlarda baş tutan son görüşünü mən bu səfərlə əlaqələndirirəm. Böyük ehtimal bu görüşdə cənab Ərdoğanla Putin arasında regional əməkdaşlıq və kommunikasiyaların açılması və Zəngəzur korridoru ilə bağlı müəyyən razılaşmalar əldə olunub və böyük ehtimal cənab Ərdoğanın Bakıya gözlənilən səfərində bu məsələlər Azərbaycan Prezidenti ilə müzakirə olunacaq.

Son dövrlər Ermənistan baş nazirinin bu istiqamətdə müsbət açıqlamaları da ondan xəbər verir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə nail olmaq üçün müəyyən razılaşmalar mümkün ola bilər. Azərbaycan bunun üçün əməli addım ataraq ötən gün beş erməni hərbçisini Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil vermişdir.

Baxmayaraq ki, qərb dairələri də son dövrlər bölgədə yaranan yeni əməkdaşlıq perspektivləri ilə bağlı fəallaşıblar, bu xüsusda mən ABŞ müdafiə nazirinin Gürcüstana son səfərində verdiyi bəyanatları vurğulamaq istərdim, lakin hesab edirəm ki, regional kommunikasiyaların bərpası, iqtisadi əməkdaşlıq və sülhə nail olmaq istiqamətində əsas söz sahibi olan regional güclər Türkiyə və Rusiya olacaq və məhz bu ölkələrin iradəsindən asılı olaraq qərarlar qəbul olunacaq. Lakin digər yandan hesab edirəm ki, biz qərblə də bu istiqamətdə əməkdaşlığımızı davam etdirməliyik, xüsusən qərbin beynəlxalq təşkilatları Qarabağda Ermənistan və Azərbaycan xalqları arasında sülh quruculuğu və etimad mühitinin yaranmasına töhfə verə bilərlər. Bu prosesdə Cənubi Qafqaz dövləti olan Gürcüstanın da vasitəçilik istiqamətində müəyyən töhfələri ola bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə