Ermənilərin Ağdağ müəmması: sərhədlər dəyişir ANALİTİK

Tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır

Zəngəzurda, ümumiyyətlə isə, Ermənistanın Azərbaycanla müəyyən olunmamış sərhədlərində cərəyan edən hadisələrin və həmin hadisələr fonunda meydana çıxan yeni informasiyaların demək olar ki, hər biri, əslində, Azərbaycanın maraqlarını əks etdirir. Bu xüsusda daha bir məlumatın – Ağdağın da Azərbaycanın nəzarətinə keçməsi iddiaları Ermənistanın sosial şəbəkə və media seqmentini təlaşlandırmağa başladıb. SİA-ya daxil olan məlumata görə, Azadlıq Radiosunun erməni bürosu – Azatutyunun yaydığı informasiya maraqdoğurucudur. Erməni radiosu bildirir ki, Ağdağın yüksəkliklərində Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı, Rusiya bayrağı da görünməkdədr.

“Sünik (Zəngəzur) vilayətindən Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair rəsmən təsdiqlənməmiş məlumatların daxil olmasına baxmayaraq, Azadlıq Radiosunun kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı, Rusiya bayrağının da olduğunu qeydə alıb”, deyə sözügedən reportajda bildirilir.

Erməni sakinlərin iddiası - Azərbaycan mövqeləri indi deyil, hələ ötən ilin dekabr ayından görünüb

Qeyd olunanlarla yanaşı, Azatutyun bildirir ki, həmin yüksəkdəki mövqeyə ən yaxın yerdən çəkilmiş videoda hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması da bilinmir. Lakin hər şeyə rəğmən ermənilər orada azərbaycanlı hərbçilərin olduqlarını müxtəlif söhbətlərində etiraf edirlər.

Misal üçün, ermənilərin Pela adlandırdıqları Ağdağ yüksəkliyinin 2 kilometrliyində yerləşən kəndin sakinləri adıçəkilən erməni radiosuna deyiblər ki, əslində, yüksəklikdə yerləşən Azərbaycan mövqeləri indi deyil, hələ ötən ilin dekabr ayından görünüb. Onlar həmçinin bildiriblər ki, sonrakı müddətdə hər hansı mövqe dəyişikliklərinin olması barədə məlumatsızdırlar, o cümlədən, ötən müddət ərzində burada insidentin, silahlı qarşıdurmanın da şahidi olmayıblar.

Qafanlı sakinlər: “Hazırkı vaxta qədər heç bir atəş səsləri eşitməmişəm”

Sakinlərdən biri deyib: “Narahatlıq hər zaman var, onlar (azərbaycanlılar) gəlib düz burnumuzun altında dayanıblar, yaxşı olardı ki, təhlükəsizlik təmin olunsun. Mən atəş səslərini eşitməyim, ya da hər hansı dəyişikliyin baş verməsi barədə heç nə deyə bilmərəm... hər şey dekabrın 25-də necə idisə elə də qalıb. Biz üç ay postlarda yerləşmişdik, bizi bu postlarda dəyişiblər, hazırkı vaxta qədər heç bir atəş səsləri eşitməmişəm”, deyə erməni sakin bildirib.

Digər kənd sakini isə fərqli olaraq bildirib ki, o, atəş səsləri eşidib: “Atəş səsləri olur, lakin bizə tərəf deyil. Haradan bilək ki, atəşlər hansı məqsədlə açılır”.

Ermənistanın milli təhlükəsizlik xidməti ilə Qafan merinin və erməni deputatının fikirləri üst-üstə düşmür

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik xidməti bir neçə gün öncə Qafanın meri Gevorq Parsyanın və Sünikin (Zəngəzurun) müxalifətçi deputatı Anna Qriqoryanın Azərbaycan Ordusunun Ağdağ dağı rayonunda irəlilədikləri barədə iddialarını təkzib edərək belə bir məlumat yaymışdı ki, orada hər hansı mövqe dəyişikliyi baş verməyib və Ermənistanın sərhəd qoşunları “dövlət sərhədini” mühafizə etməkdə davam edir.

Qafanın meri Parsyan isə bundan əvvəl yerli telekanala açıqlamasında bildirmişdi ki, adıçəkilən dağ hələ ötən ilin dekabrında təhvil verilib və həmin vaxtlar bu mövqelərə rus sərhədçiləri nəzarət edirdilər. Lakin merin sözlərinə görə, onlara da məlum olmayan səbəblərə görə ruslar bugünlərdə strateji yüksəkliklərdən eniblər və nəzarət Azərbaycan Ordusuna keçib.

“Bu məntəqə mühüm yüksəklikdir, bizim üçün strateji yüksəklikdir. İndi rusların olmamasına görə bütün məntəqə azərbaycanlıların nəzarəti altına keçib”, deyə Parsyan bildirib.

Erməni sakinlər “Azərbaycanlıları görmədən keçən alternativ yol var, lakin həmin yol həm uzundur, həm də keyfiyyətinə görə aşağı səviyyədədir”

Maraqlıdır ki, Azatutyun Radiosunun əməkdaşları yenidən Qafanın merindən mövzu ilə bağlı açıqlama almağa çalışsalar da, o, müsahibə verməkdən imtina edib. Onun mətbuat katibi erməni jurnalistlərinə deyib ki, merin başı qarışıqdır və görüşlərə qatılır.

Yerli sakinlər isə onu da iddia edirlər ki, Ağdağın digər - əsas yol keçən və Aqrakdan keçməklə Qafanın bir neçə kəndlərini birləşdirən tərəfi Azərbaycanın nəzarəti altındadır. “Azərbaycanlılar ötən ilin dekabrından başlayaraq yaşayış məntəqələrinə yaxın yerləşdikləri vaxtdan, onlar bu yoldan istifadə etmirlər. Azərbaycanlıları görmədən keçən alternativ yol var, lakin həmin yol həm uzundur, həm də keyfiyyətinə görə aşağı səviyyədədir, lakin aqaraklıların sözlərinə görə həmin yol təmir olunur”, deyə erməni radiosu bildirir.

Qafanın meri Parsyanın iddiaları həqiqətdir və ona “bu barədə danışma!” qadağası qoyulub

Mövzu ilə bağlı daha bir maraqlı məqam budur ki, Ermənistanın milli təhlükəsizlik xidməti Ağdağla bağlı başqa hər hansı rəsmi izahlar verməyib. Üstəlik, ölkənin müdafiə nazirinin müavini isə bildirib ki, hərbi mövqelərlə bağlı fikirlərin bildirilməsi dövlət sirridir və o da heç bir açıqlama vermək fikrində deyil.

Nəticədə isə biz belə bir qənaətə gələ bilərik ki, artıq Qafanın meri Parsyanın iddiaları həqiqətdir və bu həqiqətin daha geniş sferaya yayılmaması üçün ona yenidən bu mövzu ətrafında danışmaq qadağası qoyulub. Hər halda bu, ermənilərin öz problemləridir, Azərbaycan isə əlbəttə ki, üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi prosesini qalib tərəf kimi tələb etməkdədir və görünür, artıq buzlar yerindən oynamağa başlayıb – ermənilərin bəyanatın tələblərinə riayət etmələrindən başqa heç bir çıxış yolları qalmayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...