"Zəngilanın işğaldan azad edilməsi ilə təhlükəsizliyimizi tam təmin etdik" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğalda saxlanılıb. Bu rayonlarımızdan biri də Zəngilan rayonu idi. Zəngilan rayonu İran-Ermənistan sərhəddində yerləşən və çox böyük strateji əhəmiyyətə malik ərazidir. Uzun illər ərzində ermənilər bu ərazilərdə azərbaycanlılara qarşı törətdikləri mədəni və hərbi cinayətlərlə yanaşı ekoloji terror da törədiblər. Zəngilanın zəngin təbiəti var və burada yerləşən Bəstiçay Dövlət Təbiət Qoruğunda nadir şərq çinarları da qorunub saxlanılırdı ki, ermənilər bu çinarları qırıb yandırmaqla məhv ediblər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, həmçinin, Ermənistanda yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları tərkibindəki ağır metallar və radioaktiv maddələrin miqdarı normadan min dəfədən çox olan tullantılar sular vasitəsilə Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib və bu çayda yaşayan bütün nadir balıq növlərinin məhv olmasına səbəb olublar: “Zəngilanın işğaldan azad edilməsi bu torpaqların faktiki olaraq Azərbaycan nəzarətinə keçməsi ilə ermənilərin ekoloji terrorunun dayandırılmasına gətirib çıxardı. Düzdür, dəymiş ekoloji ziyanı aradan qaldırmaq uzun illər tələb edəcək”.

N.Həmzəyev vurğulayıb ki, xalqımız tərəfindən torpağımızın işğaldan azad olunması bir il bundan öncə böyük sevinc hissi ilə qarşılandı və möhtərəm cənab Prezidentin çıxışı zamanı Füzuli rayonunun bir çox kəndinin işğaldan azad olunmasını, o cümlədən Zəngilan rayonunun da işğaldan azad olunması xəbərini səsləndirəndə hər kəs sevindi və fəxr hissi duydu: “Zəngilanın işğaldan azad olunması ilə İran boyu yerləşən sərhədlərimiz tamamilə nəzarətə götürüldü. Bu da istər-istəməz Azərbaycanın digər cəbhədə digər ərazilərdə hücum əməliyyatlarının həyata keçirilməsinə zəmin yaradırdı. Artıq biz cənub hissədən təhlükəsizliyimizi tam təmin etmişdik. Məhz, Zəngilanın işğaldan azad edilməsindən sonra Azərbaycan ordusu digər istiqamətlərdən uğurlu əməliyyatlar keçirərək nəhayət 8 noyabr tarixində Şuşanı işğaldan azad etdi. Biz çox sevinir və fəxr hissi duyuruq ki, 1 il bundan öncə bu şərəfli tarixi yaşadıq. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu erməni faşistlərini və terroristlərini işğalda olan torpaqlarımızdan qovub çıxardı. 1993-cü ilin oktyabr ayının 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonu 2020-ci ilin 20 oktyabr tarixində işğaldan azad olundu”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə