"Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən idi" - ŞƏRH EDİLDİ

“Qarabağın bir çox rayonları kimi Zəngilan rayonu da uzun müddət erməni təcavüzkarlarının işğalı altında qalıb. Bununla bərabər uzun bir müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu cənab Prezidentin rəhbərliyi ilə bu torpaqları tez bir zamanda işğaldan azad etdi: “Ümumiyyətlə 44 günlük müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki Zəngilan Ermənistanla sərhəddə yerləşir və Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Sovet dövründə burada Mincivan stansiyası var idi. Bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan dövləti Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhədinə nəzarət etmiş oldu. Bununla bərabər İranla sərhəddə 132 km-lik ərazi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Hesab edirəm ki, bu sonrakı mərhələdə də bizim digər torpaqlarımızın azad olunmasına öz ciddi və müsbət təsirini birmənalı olaraq göstərdi və Azərbaycan tezliklə işğal altında olan digər torpaqlarımızı azad etməyə nail oldu. Zəngilan iqtisadi və siyasi cəhətdən böyük əhəmiyyətə malik ərazidir. Hal-hazırda Zəngilanda quruculuq işləri aparılır. Bu bölgədə hava limanı inşa olunur. Zəngilanın erməni işğalından azad olunması nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də düşmən üzərində güclü qələbə çalmağı təmin etmiş oldu".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə