“Müxalifətin gözlədiyi sosial aksiyalar baş verməyəcək” AÇIQLAMA

“Əhalini etiraz aksiyalarına çağıranlar Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, Əli Əliyevin rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyası və başqalarıdır. İndiki şəraitdə aksiyaların keçirilməsi yolverilməzdir. Sözügedən şəxslər bu məsələdən bəhrələnmək istəyir. Enerji daşıyıcılarının müəyyən qədər milli maraqlara uyğun artırılmasından müxalifət öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır və sosial şəbəkələrdə aksiyalara çağırışlar edirlər. Ancaq müxalifətin məlum qanadının gözlədiyi kimi Azərbaycanda ciddi və geniş füsətdə sosial aksiyalar baş verməyəcək. Vətən müharibəsi dönəmində ciddi əməkdaşlıq edən müxalif siyasi partiyalar qazın və elektrik enerjisinin qiymətinin artmasını bir qədər anlaşıqlı şəkildə yanaşırlar”. Bunu SİA-ya açıqlamasında MDHP sədr müavini Elşən Manafov deyib.

E.Manafov bildirib ki, biz anlayırıq ki, dünyada enerji resurslarının qiymətinin qalxdığı şəraitdə Azərbaycan dövləti də bu addımı atmaq məcburiyyətində qaldı: “Nəticə etibarı ilə təbii qazın və elektrik enerjisinin qiymətinin artması ilə bağlı Tarif Şurasının qəbul etdiyi məlum qərarlar var. Amma eyni zamanda bu qərarlarla aztəminatlı əhaliyə güzəştlər nəzərdə tutulub. Azərbaycan Prezidentinin imzaladığı Fərmanla əhalinin əmək haqları və pensiyaları artırılacaq. Azərbaycan dünyanın bir hissəsidir və dünyanın enerji bazarında baş verən hadisələr Azərbaycandan da yan keçmir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə