Qiymət artımı prosesində sosial ədalət prinsipi TƏHLİL

Tarif Şurasının qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyası üçün ciddi təsir etməyəcək

Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməklə yanaşı, həmçinin 30 il düşmən əsarətində olan torpaqlarımız qalib liderimizin “Dəmir yumruq” siyasəti və Güclü Ordumuzun igid əsgər və zabitlərinin rəşadətilə işğaldan azad etdiyi ərazilərdə də yeni infrastruktur layihələri həyata keçirir və burada da işıq, qaz və digər təchizat gündəmdə olan ən vacib məsələrdəndir. Eyni zamanda, bu gün işığa, qaza tələbat daha da artıb və bu tələbatın olması xərcləri daha da artırır, dövlət, aidiyatı qurumlar bu sahələrə daha çox vəsait xərcləməli olur. Məhz bu baxımdan da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının oktyabrın 16-da keçirilən növbəti iclasında təbii qazın və elektrik enerjisi tariflərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.

Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq. Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

O zaman belə bir sual meydana gəlir: Təbii qazın yeni tarifləri nə vaxtdan və necə hesablanacaq? Qeyd olunub ki, yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir. Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).

Ruslan Əliyev: “Tarif Şurasının qərarına əsasən təbii qaz üzrə qiymətlərin tətbiqinə noyabrın 1-dən başlanacaq”

Sözügedən məsələ ilə bağlı “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib ki, oktyabrda isə qiymətlər əvvəlki tariflə hesablanacaq: “Tarif Şurasının qərarına əsasən təbii qaz üzrə qiymətlərin tətbiqinə noyabrın 1-dən başlanacaq. Oktyabrda isə qiymətlər əvvəlki tariflə hesablanacaq. Belə ki, indiki tarifə əsasən qazın 1200 kubmetrədək 1 kubmetrinin qiyməti 10 qəpik, 1200-2500 kubmetr arasında 20 qəpik, 2500 kubmetrdən yuxarı 25 qəpik hesablanır”.

Bildirib ki, yeni tarifdə əsasən əhali abonentləri üzrə qazın 1200 kubmetrə qədər 1 kubmetrinin qiyməti 10 qəpikdən 12 qəpiyə qaldırılıb. Digər tariflər üzrə əhali abonentlərində dəyişiklik olmayıb: «Sənaye və kənd təsərrüfatı üzrə qazın bir kubmetri 20 qəpik idisə, yeni tariflə bu, 22 qəpik oldu. Digər müəssisələr üzrə isə tarifdə dəyişiklik olmayıb. Qazanxanalar üzrə tarifdə də dəyişiklik edilib, qazın 1 kubmetrinin qiyməti 13 qəpikdən 16,5 qəpiyə qalxıb. Qeyd edim ki, qazın topdan satış qiyməti də dəyişib. Əvvəllər “Azəriqaz” olaraq qazın topdan satışını “Azərkontrakt” şirkətindən 110 manata alırdıq. Yeni tarifdən sonra bu məbləğ 118 manat olub”.

R.Əliyev əlavə edib ki, tariflərin tənzimlənməsində bir sıra səbəblər var. Bunlara dünya bazarında bir çox məhsulların, o cümlədən qaz təsərrüfatında istifadə olunan avadanlıqların qiymətindəki artımı misal göstərmək olar. Bu artım ümumi qazın topdan satış qiymətinə təsir edir. Bu da qazın pərakəndə satış qiymətində əksini tapır.

Həmçinin, Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır: 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts.

Vüqar Nəbibəyli: “Tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq”

“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib: “Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib».

O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib. Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.

V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı.

Enerji böhranı: Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb

Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verilməkdədir. Belə ki, COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1.000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda 600 dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1.000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır. İqtisadçıların sözlərinə görə, qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın "Qazprom" şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23% azalma gözlənilir.

Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. Bu gün İtaliyada elektrik enerjisi və təbii qazın qiyməti artırılır. Buna səbəb kimi elektrik enerjisi istehsalının maya dəyərinin artması göstərilir.

İtaliyanın Ətraf Mühit və Enerji Şəbəkələri Tənzimləmə Təşkilatının məlumatına görə, oktyabrın 1-dən etibarən ev təsərrüfatlarının istifadə etdiyi elektrik enerjisinin qiyməti 29,8 faiz, təbii qazın qiyməti isə 14,4 faiz artırılacaq. Bildirilib ki, hökumətin təcili müdaxiləsi nəticəsində artım nisbətinin daha yüksək olmasının qarşısı alınıb. Bununla da 29 milyon abonent, eləcə də 6 milyon kiçik və orta biznes subyekti (KOB) bu qiymət artımlarından daha az təsir görəcək.

Göründüyü kimi, bütün deyilənlər onu göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, bu sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də yeni infrastruktur layihələri həyata keçirir və burada da işıq, qaz və digər təchizat gündəmdə olan məsələlərdən biridir.

Lakin onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti əhalinin müəyyən təbəqəsinin ehtiyaclarının və xərclərinin ödənilməsi ilə bağlı imzaladığı sərəncama əsasən əhalinin imkansız təbəqəsinin sosial rifahı daha da yaxşılaşdırılsı vurğulanılır. Bu isə həmin vətəndaşlarımızın ehtiyaclarının ödənilməsinə, sosial rifahının yaxşılaşdırılmasına ciddi təsir göstərəcək.

Ancaq bu gün sosial şəbəkədə hər hansı aksiyaya, mitinq keçirilməsi isə, xalq tərəfindən də qəbul edilmir. Çünki xalq öz dövlətinə və dövlətin apardığı uğurlu siyasətinə inanır. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Və bu gün hay-küy salanlar bilməlidirlər ki, əhalinin mənafeyinə toxunacaq heç bir qərar qəbul edilməyib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə