"Verilən mesajlar Qafqazda yeni arxitekturanın qurulduğundan xəbər verir" - EKSPERT RƏYİ
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı Ali Baş Komandanın verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər, icra olunan fəaliyyətin dünyaya nümayiş olunması özlüyündə böyük mahiyyət daşıyır. Biz bugünədək Azərbaycan torpaqlarının işğal olunduğunu dünyaya çatdırırdıqsa, artıq hərbi, diplomatik, iqtisadi gücümüzü göstəririk və dünyaya bəyan edirik ki, bu torpaqlar bizim öz torpaqlarımız olduğu üçün biz işğalçıdan fərqli olaraq “dağıtmırıq”, “qururuq””. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, indiyədək ikili standartlarla yanaşıb bölgədə erməni vandalizmini işıqlandırmayan beynəlxalq qurumlara da mesaj verilir ki, “siz işğalçını adıyla çağırmasanız da, biz onların əsl xislətini bugün hər kəsə göstəririk”: “Prezident İlham Əliyev bunu dəfələrlə deyib ki, “Qarabağı cənnətə çevirəcəyik”. Bu vədin yerinə yetirilməsi həm də bir siyasi lider üçün xarakterik olan “kişi sözü”nün təzahürüdür. Qarabağda ekoloji terrorun nəticələrinin aradan qaldırılmasının işıqlandırılması, bəlkə adi görünsə də, Prezidentin forel balıqlarını çaya buraxması addımında belə həm dünya ictimaiyyətini, həm erməni cəmiyyətini oyadan mahiyyət var. Bütün bu yenidənqurma, abadlaşma işləri, xüsusən ölkələrin pandemiyanın yaratdığı iqtisadi böhrandan əziyyət çəkdiyi vaxtda restavrasiya işinə milyonlarla vəsaitin ayrılması göstərir ki, Azərbaycan sülhün, sabitliyin, inkişafın tərəfdarıdır”.
Z.Qarayeva vurğulayıb ki, Azərbaycan dövləti ermənilər də daxil olmaqla bütün xalqların rifah şəraitində birgəyaşayışına dəstək verən dövlətdir: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş regionlara səfəri zamanı bəzi dövlətlərin də ünvanına səsləndirdiyi fikirlər ona hesablanıb ki, biz bütün təxribatlarınıza rəğmən sizə əməkdaşlıq əlimizi uzadırıq, sizə yeni fürsətlər yaradırıq. Qəbul etsəniz qazanacaqsız, etməsəniz uduzan “sizlər” olacaqsız. İlham Əliyev Araz çayı sahilindən arxa fonda “Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan “Harop”la foto çəkdirdi. Bu şəkillə həm də onu dedi ki, Azərbaycanın suverenliyinə zidd addım atanlar, milli maraqlarımıza qarşı təxribatlara davam edənlər bu silahlarla qarşı-qarşıya qalacaq. Bütün bu addımlar və verilən dolayı mesajlar Qafqazda yeni arxitekturanın qurulduğundan xəbər verir ki, bunun da memarı Azərbaycan diplomatiyası və Azərbaycan ordusudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB